"Qarabağ" rəqibləri bilindi - Dünya çempionu Bakıya gəlir

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi baş tutub.
90plus.az xəbər verir ki, Monakoda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” klubunun səkkiz rəqibi püşk nəticəsində müəyyənləşib. Ağdam klubu qarşılaşmaların dördünü öz meydanında, digərlərini isə səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” rəhbərliyi də iştirak edib.
Püşkatmada iştirak edən 36 komanda dörd səbətə ayrılıb. “Qarabağ” reytinq baxımından daha aşağı olan klubların yer aldığı 4-cü səbətdə qərarlaşıb.
Püşk zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılıb. Ardınca ötən mövsümdə istifadə olunan avtomatik sistem həmin komanda üçün təsadüfi qaydada səkkiz rəqib seçib. Bu proses bütün komandalar üçün eyni qaydada tətbiq edilib və nəticədə cütlüklər formalaşıb.
Hər səbətdən iki komanda digər səbətlərdən olan iki klubla qarşılaşacaq.
Eyni ölkəni təmsil edən komandaların bir-birilə oynamaq hüququ yoxdur.
Püşk nəticəsində “Qarabağ”ın qarşılaşacağı komandalar aşağıdakılardır:
1-ci səbət:
– “Çelsi”, İngiltərə (oyun Bakıda)
– “Liverpul”, İngiltərə (səfərdə)
2-ci səbət:
– “Benfika”, Portuqaliya (səfər oyunu)
– “Aynttraxt”, Almaniya (Bakıda)
3-cü səbət:
– “Ayaks”, Niderland (Bakıda)
– “Napoli”, İtaliya (səfərdə)
4-cü səbət:
– “Atletik”, İspaniya (səfərdə)
– “Kopenhagen”, Danimarka (oyun Bakıda)
Çempionlar Liqasında ilk tur oyunları sentyabrın 16-18-də oynanılacaq. Oyun cədvəli isə avqustun 30-da açıqlanacaq.
Qeyd: “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ikinci dəfə iştirak edəcək. Komanda bu mərhələyə ilk dəfə 2017/18 mövsümündə yüksəlmişdi.
Xatırlatma: Son Klublararası Dünya Kubokunun qalibi "Çelsi" olmuşdu.
© Copyright 2025, All Rights Reserved