“Qarabağ”ın oyunu portuqaliyalı hakimlərə tapşırıldı! Bizə yad deyil

"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda keçirəcəyi “Ferensvaroş”la ilk matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
90plus.az xəbər verir ki, UEFA görüşün baş hakimi kimi Xuan Pedru da Silva Pineyruya etibar göstərib. Ona yan xətlərdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Qarşıdakı qarşılaşmanın baş hakimi azərbaycanlı azarkeşlər üçün yad deyil. 2022-ci ildə keçirilən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos – Neftçi” oyununu da məhz Pineyru idarə etmişdi.
Daha bir maraqlı detal: portuqaliyalı referi bu yaxınlarda UEFA Superkubokunun baş hakimi olub. Həmin oyunda azərbaycanlı hakim Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirmişdi.
Xatırlatma: “Ferensvaroş” – “Qarabağ” görüşü avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved