“Qəbələ” illərlə kapitanı olan futbolçunu göndərdi
“Qəbələ”nin uzunillik kapitanı ilə yollar ayrıldı.
90plus.az xəbər verir ki, klubun kapitanı Murad Musayev komandanı tərk edib. Təcrübəli müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib və tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəliblər.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Musayev uzun illər ərzində klubun əsas simalarından biri kimi yadda qalıb. O, 2012/13 mövsümündə Premyer Liqada debüt etdikdən sonra qırmızı-qaraların heyətində 173 rəsmi oyunda meydana çıxıb və 4 qola imza atıb.
Müdafiəçinin klubdakı ən yaddaqalan uğurlarından biri 2023-cü ildə Azərbaycan Kubokunu qazanması olub. Həmin dövrdə o, həm meydanda, həm də paltardəyişmə otağında komandanın liderlərindən biri sayılırdı.
Klub rəhbərliyi Murad Musayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd: “Qəbələ” bundan əvvəl Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşdığını açıqlamışdı. Beləliklə, bölgə təmsilçisində yay yenidənqurması davam edir.
© Copyright 2026, All Rights Reserved