Qurban Qurbanov: “Benfika favoritdir”

Qurban Qurbanov: “Benfika” favoritdir, amma futbolçularım bu andan zövq almalıdırlar”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçiriləcək oyun öncəsi Portuqaliya mediasına danışıb.
52 yaşlı mütəxəssis görüşdə favorit tərəfin meydan sahibləri olduğunu etiraf edib:
“Bu qarşılaşmadan nə gözlədiyimi söyləmək bir qədər çətindir. Çünki son iki həftədə birlikdə məşq etməyə imkanımız çox az oldu. Yalnız bazar ertəsi bütün komanda bir yerdə çalışdı. Bu da vəziyyəti çətinləşdirir. Amma bu cür şəraitdə oyun keçirmək təcrübəmiz var. Futbolçularıma demişəm ki, meydana çıxıb bu andan zövq alsınlar. Çünki biz böyük klubla qarşılaşırıq. Ümid edirəm ki, komandam ən yaxşı oyununu göstərəcək”.
Qurbanov rəqibi təhlil etdiklərini də vurğulayıb:
“Təbii ki, bütün detalları açıqlaya bilmərəm. ‘Benfika’nın oyunlarını analiz etmişik, futbolçularım da bunu bilir. Yeganə deyə biləcəyim odur ki, onların oyunçuları çox yüksək keyfiyyətə malikdir. Bu, əsas üstünlükləridir. Motivasiya da onlarda daha çox ola bilər. Biz isə yalnız inam və motivasiya ilə yaxşı nəticə əldə edə bilərik. Obyektiv baxsaq, onların keyfiyyəti bizimkindən üstündür”.
🔗: Benfika TV
Qeyd: "Benfika” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved