Qurban Qurbanov: “Bu qələbəni bayram etməməliyik”

Qurban Qurbanov: “Hesab bizi aldatmamalıdır”.
90plus.az xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində böyük addım atıb. Ağdam klubu səfərdə Macarıstanın “Ferensvaroş” komandasını 3:1 hesabı ilə məğlub edib.
Oyundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında komandasının çıxışını belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu, amma onlar böyük azarkeş dəstəyi qarşısında sona qədər mübarizə apardılar və qalib gəlmək üçün əllərindən gələni etdilər.
Bizi dəstəkləyən azərbaycanlı azarkeşlərə xüsusi təşəkkür edirəm. Hətta rəqib azarkeşlər də stadionda gözəl ab-hava yaratdılar”.
Təcrübəli mütəxəssis nəticənin arxayınlıq yaratmamalı olduğunu vurğulayıb:
“Hesab bizi aldatmamalıdır. Bakıdakı cavab görüşündə daha ciddi və diqqətli olmalıyıq. Rəqib istənilən anda qol vura biləcək potensiala malikdir. Ona görə də evdəki matçda maksimum dərəcədə konsentrasiya olacağıq”.
Qurbanov buraxılan erkən qola da toxunub:
“Səfərdə qol buraxanda komandada həyəcan artır. Qoldan sonra 10-15 dəqiqə təzyiq hiss etdik. Amma tez toparlandıq. İkinci hissədə risklərə getməli olduq, çünki artıq məğlub idik. Mənim əsas tələbim qol vurmaqdır və futbolçular bunu yerinə yetirdilər”.
Sonda çalışdırıcı əlavə edib ki, bu qələbə onlarda rahatlıq yaratmayacaq:
“Biz özümüzü üstün hiss etmirik. Qarşımızda çox ciddi rəqib və təcrübəli baş məşqçi var. Onların oyun üslubu təhlükəlidir, standart vəziyyətlərdən və hücumlarda qol vura bilən oyunçuları var. Ona görə bu qələbəni bayram etməməliyik”.
Qeyd: Cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved