Qurban Qurbanov: “Çox önəmli qələbə idi”

Qurban Qurbanov: “3:0 qələbə bizi aldatmamalıdır, cavab oyunu daha çətin olacaq”.
90plus.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyada “Şelburn”u 3:0 hesabı ilə məğlub edərək ciddi üstünlük qazansa da, baş məşqçi Qurban Qurbanov nəticənin arxayınlıq yaratmaması gərəkdiyini bildirib.
O, oyundan sonra keçirilən mətbuat konfransında qələbənin dəyərini qeyd etsə də, cavab görüşünün daha məsuliyyətli yanaşma tələb etdiyini vurğulayıb:
“Futbolçularımı təbrik edirəm. Bu, bizim üçün çox önəmli qələbə idi. “Şelburn” evdə təzyiq yarada biləcək komanda idi. 3:0 hesabı göstərmir ki, biz tamamilə üstün idik. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Bu hesabı unutmalı və Bakıda daha diqqətli olmalıyıq. Azsaylı azarkeşlərimiz bizə dəstək verdi, hər birinə təşəkkür edirəm. Rəqibə də uğurlar arzu edirəm”.
Jurnalistlərin “Cütün taleyi artıq həll olunubmu?” sualına Qurbanov belə cavab verib:
“Əsla. Bu, doğru yanaşma deyil. “Şelburn” asanlıqla təslim olan komanda deyil. Nə etdiklərini bilirlər və Bakıdakı oyunda daha təhlükəli ola bilərlər. Dəqiq oynamağa davam etməliyik”.
Oyun ərzində təzyiqlər zamanı taktiki dəyişiklik olub-olmaması ilə bağlı suala isə “Qarabağ”ın çalışdırıcısı konkret cavab verib:
“Oyunumuzu rəqibə uyğun qururuq, amma stilimizi dəyişmirik. “Şelburn”un oyun tempi və tərzi bizə uyğun gəlməyə bilərdi. Bəzən 1-2 ötürmə ilə qapımıza yaxınlaşırdılar. Müdafiə xəttimiz ayıq idi və lazım olanı etdi. İlk oyunumuz idi, ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı çıxış edəcəyik”.
Qurban Qurbanov həmçinin İrlandiya klubları ilə keçmiş təcrübəyə də toxunub:
“Daha əvvəl “Dandalk”la da oynamışdıq, amma futbolda hər şey dəyişir. Keçmişə çox qapılsaq, gələcəkdə uduza bilərik. Hər görüş yeni yanaşma tələb edir. “Şelburn”la oyun da, “Dandalk”la matç da kifayət qədər gərgin keçmişdi. Bu cür matçlar bizim üçün təcrübə deməkdir. İndi bütün komandalar həm müdafiədə, həm hücumda nizam-intizamlı oynamağı bacarır”.
Baş məşqçi cavab oyununda da diqqəti əldən verməməyi əsas hədəf kimi göstərib.
Qeyd: Cavab görüşü iyulun 30-u saat 20:00 Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.