Qurban Qurbanov: "Cəsarətli olmağa çalışacağıq"
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında sabah Bakıda "Nyukasl"ı qəbul edəcək.
90plus.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
Sabah sizi çox ciddi və tarixi bir oyun gözləyir. Bu matçı və rəqibi necə dəyərləndirirsiniz?
Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Ələlxüsus da bu cür rəqibə qarşı. "Nyukasl" çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da mənə inam verdi ki, futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. "Nyukasl"ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanımızda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. "Nyukasl" həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
Komandanız adətən hücum futboluna üstünlük verir. Bu dəfə iki oyunun nəticəsi həlledici olacaq. Sabah daha balanslı və ya daha qapalı oyun görə bilərik?
Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü... Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Əgər nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq, bunu düşünərik.
Son çempionat matçından sonra bərpa prosesi ilə bağlı fikirlər səsləndirmişdiniz. Komandanın fiziki durumu sizi qane edirmi?
Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə geri dönməyə ehtiyac yoxdur. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez bir zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdırlar. Oyunun gedişatında, hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, sonradan da mübarizə aparacaqlar.
Montiel və Kadi Borges hazırda diqqət mərkəzindədir. Start heyəti ilə bağlı qərarınızı artıq vermisiniz?
Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə də əlavə variantdır. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik.
Nəriman Axundzadənin adını siyahıda görmədik. Onun yerinə əlavə oyunçu sifariş etmək mümkündürmü?
Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.
Bu qarşılaşma klub üçün nə dərəcədə əhəmiyyətlidir? Sabahkı qələbə ümumi şansları artıra bilərmi?
Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dır. Amma minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm.
Mateuş Koxalskinin vəziyyəti necədir? Sabah oynaya biləcək?
Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faizli riskli bir bir şey olmasa, meydana çıxacaq.