Qurban Qurbanov: “O insan haqda fikir bildirməyə ehtiyac duymuram”

Qurban Qurbanov: “Səfərdə qalib gəlmişik, amma bu, bizi arxayın etməməlidir”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” ilə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfransında həm oyuna hazırlıq, həm də komandadakı son durumla bağlı vacib məqamlar açıqlanıb.
“İrlandiya klubuna qarşı diqqətli olmalıyıq”
Qurbanov cavab görüşü üçün komandada arxayınlıq olmadığını bildirib:
“Səfərdəki üstünlük bizi arxayın etməməlidir. Qarşımızda asan rəqib yoxdur. Səfərdə də demişdim – “Şelburn” uduzmağı sevməyən, xarakterli komandadır. Oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq, səhvlər minimuma endirilməlidir.”
“Bekalinin atmacaları bizi yolumuzdan sapdıra bilməz”
Rumıniya təmsilçisi “FCSB”nin prezidenti Cici Bekalinin “Qarabağ”la bağlı ironik açıqlamalarına isə baş məşqçi cavab vermədi:
“Bizim hələ cavab oyunumuz var. Onlarla qarşılaşacağımız bəlli deyil. Fikrimizin yayılmasını istəmirik. Belə münasibətim olmayan bir insan haqda fikir bildirməyə ehtiyac duymuram.”
Zədəlilər və rotasiya planı
Komandanın heyətində zədə problemi olan oyunçular da var. Marko Yankoviçin və Dani Boltun cavab matçında iştirakı sual altındadır:
“Yankoviç bu gün məşqə çıxacaq, amma onu oynatmaq böyük risk olar. Bəlkə “23-lüy”ə salarıq. Son qərarı oyun günü verəcəyik.”
Qapıçı mövqeyində rotasiyalarla bağlı sualı cavablandıran Qurbanov bu məsələyə anlayışla yanaşılmasını istəyib:
“Əgər imkanımız varsa, oyunçuların ritmini qorumaq üçün onların oyun təcrübəsinə şans yaratmalıyıq. Buntiç bu həftə daha yaxşı işləyib, ona görə də o meydanda oldu. Hər üç qapıçımızdan razıyam.”
Hücum xəttində transfer axtarışı davam edir
Klub prezidenti Tahir Gözelin açıqlamasını təsdiqləyən baş məşqçi bildirib ki, hücum xəttinə oyunçu axtarışı davam edir:
“Çox futbolçu izlədik, bəziləri ilə razılığa gəldik, amma son anda daha böyük təkliflərlə üzləşib başqa klublara getdilər. Mövsüm uzun olacaq, rotasiyalar çox olacaq. Hücumçularımdan razıyam, amma seçim imkanımız daha geniş olmalıdır.”
Mmae və Cica barədə fikirlər
Qurbanov Sami Mmae haqqında səslənən tənqidlərə də münasibət bildirib:
“Kimlərisə sevindirmişiksə, bu da uğurdur. Mmae bizim oyun sisteminə uyğun futbolçudur. Hələ tam formada deyil, amma bacarığına güvənirik.”
Redon Cicanın niyə əsas heyətdə yer almadığına da aydınlıq gətirilib:
“Cica yaxşı futbolçudur. Sadəcə Juninyonun gəlişi və Nərimanın inkişafı onun şansını azaltdı. Amma unutmayaq ki, Çempionlar Liqasında vacib qollar vurdu. Daha çox şans qazandırmaq istərdim, lakin limit və rəqabət imkan vermədi.”
Qurban Qurbanovun sonda vurğuladığı əsas fikir isə bir daha komandanın ciddiliyini ortaya qoyur:
“Sabahkı oyuna bütün fikrimizi yönəltmişik. Qrup mərhələsinə düşmək üçün hər detallı düşünməliyik.”
Qeyd: "Qarabağ - Şelburn" - Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu sabah, 30 iyul, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. İlk oyundan təmsilçimizin 3:0 üstünlüyü var. Oyunu CBC Sport yayımlyacaq.