Qurban Qurbanov: “Oyun haqda danışmaq asan deyil”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk oyundan sonra komandanın psixoloji durumuna və qarşıdakı matça hazırlığa toxunub:
“Qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə… Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik”.
“İlk görüşdə rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, mübariz və məsuliyyətli olmalıyıq. Psixoloji zərbə alsaq da, hazırlığımız pis deyil. Cavab oyununda özümüzü yaxşı tərəfdən göstərməliyik”.
Mütəxəssis Mmae ilə bağlı suala da aydınlıq gətirib:
“İdman və intizam qaydalarını pozdu, əvəzedici heyətə göndərdik”.
Toral Bayramovun ilk matçdakı epizod zamanı gülməsi barədə isə belə danışıb:
“Gülməli vəziyyət yaranmışdı. Fikirlərimi bildirdim. Xırdalıqlara getməyə ehtiyac yoxdur”.
Qurbanov “Neftçi” ilə oyunun təxirə salınmasına görə təşəkkür edib:
“Təşəkkür edirik. Qrafikimiz çox sıx idi. İstəyirdik ‘Nyukasl’la oyuna yaxşı hazırlaşaq. İki oyun arasında 2 gün vaxt var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq”.
Ayxan Abbasovun açıqlamasına münasibət bildirən baş məşqçi qısa cavab verib:
“Maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib. No comment”.
Bəhlul Mustafazadənin zədəsi ilə bağlı isə Qurbanov bunları deyib:
“Çox üzgündür. Hamımız üzgünük, amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib. Belə hallar olur”.
Sonda o, komandanın bütün diqqətinin Çempionlar Liqasına yönəldiyini vurğulayıb:
“Fikrimdə ‘Nyukasl’la görüşdür. ‘Sabah’la oyun barədə düşünmürük. Böyük turnirdir. Futbolçular bu turnirdə böyüyürlər. Böyük məğlubiyyətlər idmançını möhkəm edir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz ‘Nyukasl’la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq”.
Qeyd: “Nyukasl Yunayted” – “Qarabağ” qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə Sent Ceyms Park stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun ingilislərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.