Qurban Qurbanov: “Şelburn bizdən yaxşı formadadır”

Qurban Qurbanov “Şelburn”la oyundan öncə ehtiyatlı danışdı: “Bizi çox istəkli və intizamlı komanda gözləyir”.
90plus.az xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a qarşı səfər matçından əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib. Təcrübəli çalışdırıcı İrlandiya təmsilçisini ciddi rəqib kimi dəyərləndirib və komandasını çətin qarşılaşmanın gözlədiyini bildirib.
“Çox yaxşı komandaya qarşı oynayacağıq. “Şelburn”un oyunlarını həm videodan, həm də canlı izləmişəm. Özünəməxsus oyun tərzləri və intizamlı, fiziki cəhətdən hazırlıqlı futbolçuları var. Hazırda bizə nisbətən daha yaxşı idman formasındadırlar, çünki həm çempionat oyunlarını davam etdirirlər, həm də artıq bu turnirdə iki görüş keçiriblər. Biz isə hələ hazırlıq mərhələsindəyik. Buna baxmayaraq, rəqibi detallı analiz etmişik və çalışacağıq ki, sabah minimal səhvlərlə oynayaq”.
İrlandiyalı azarkeşlərin yaratdığı atmosferə də toxunan baş məşqçi onların azsaylı olsa da, böyük enerji ilə komandalarını dəstəklədiklərini qeyd edib:
“Azarkeşləri çox istəklidir. Baxmayaraq ki, stadion tam dolmur, sanki 10-15 minlik tribunada oynayırsan. Belfastdakı ab-havanı şəxsən görmüşəm”.
Rəqibin oyun sistemindən danışan Qurbanov “Şelburn”u hər baxımdan təhlükəli komanda adlandırıb:
“Onlar həm əks-hücumlarda, həm də mövqeli hücumlarda təhlükəlidirlər. Standart vəziyyətlərdə də üstünlükləri var. Əsas gücləri isə bir-birilərini yaxşı tanımaları və sistemə sadiq qalmalarıdır”.
Qurban Qurbanov “Qarabağ”ın uzun illər ardıcıl olaraq Avropa kuboklarının qrup mərhələsində iştirakını klubun prinsipial yanaşması ilə əlaqələndirib:
“Sirr deməzdim, klubda sistemli və prinsipial iş var. Rəhbərlik tərəfindən hər mövsüm ən azından mövcud uğuru qorumaq məqsədi qoyulub. Heyətdə dəyişikliklər olsa da, bu stabil strukturu qorumağa çalışmışıq. 11 il ardıcıl qruplarda oynamaq böyük nailiyyətdir”.
Sonda baş məşqçi ilk oyunun nəticəsi ilə bağlı ehtiyatlı danışaraq, heç-heçənin və ya minimal hesabla məğlubiyyətin də sərfəli ola biləcəyini bildirib:
“İlk oyunda hər nəticə mümkündür. Ola bilər ki, heç-heçə və ya hətta minimal məğlubiyyət də bizim üçün sərfəli olsun, çünki cavab görüşünə daha yaxşı hazırlaşmaq imkanı yaranacaq. Amma əsas məsələ odur ki, bu rəqibə qarşı səhvsiz oynamaq lazımdır. Onlar həm texniki, həm fiziki, həm də sistemli futbol oynayan bir komandadır və bu stadionda heç kimə asan olmur”.
Qeyd: “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-ü saat 22:45-də İrlandiyada keçiriləcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.