Qvardiola adına olan tribuna haqda: “Ən böyük şərəflərdən biridir”
“Mançester Siti” stadionundakı tribunaya Pep Qvardiolanın adı verildi.
90plus.az xəbər verir ki, klub rəhbərliyi stadionun Şimal tribunası üçün tarixi qərar qəbul edib. Klub rəsmən açıqlayıb ki, həmin tribuna bundan sonra “Pep Qvardiola Tribunası” adlanacaq.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola qərarla bağlı emosional açıqlama verib:
“Danışmağa söz tapmıram. Xaldun mənə zəng edib klubun bu qərarı verdiyini dedi. Sadəcə sözsüz qaldım. Mən istəyirəm ki, enerjim burada həmişə yaşasın. Çətin anlarda kimsə tribunaya baxıb mənim adımı görəndə komandaya və kluba öz enerjimi göndərəcəyəm. Bu, ala biləcəyim ən böyük şərəflərdən biridir.”
İspaniyalı mütəxəssis ailəsinin də bu anı xüsusi yaşayacağını bildirib:
“Kluba çox təşəkkür edirəm. Atam bazar günü burada olacaq. Onun 94 yaşı var və gəlib bunu izləyəcək. Mənim adımın burada olması inanılmaz şərəfdir. Həqiqətən söz tapa bilmirəm.”
Qvardiola “Mançester Siti” tarixinin ən uğurlu baş məşqçilərindən biri hesab olunur. Onun rəhbərliyi altında klub həm İngiltərədə, həm də Avropada çoxsaylı titullar qazanaraq öz tarixinin ən parlaq dövrünü yaşayır.
© Copyright 2026, All Rights Reserved