Qvardiola futbolçuların Milad istəyini rədd etdi: “Yaxşı oynamadınız”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Vest Hem” üzərində 3:0 hesablı qələbədən sonra futbolçuların əlavə istirahət günü istəməsini qəbul etməyib. İspan mütəxəssis komandanın çıxışının əlavə Milad istirahətinə layiq olmadığını bildirib.
90plus.az xəbər verir ki, “Mançester Siti” futbolçularına artıq bazar ertəsindən çərşənbə gününədək üç günlük istirahət verilmişdi. Buna baxmayaraq, Qvardiola bazar günü futbolçuların bərpa məşqi və əsas heyətdə yer almayan oyunçular üçün məşqə gəlməsini tələb edib.
Pep Qvardiola jurnalistlərə açıqlamasında bunları deyib:
“Futbolçular bazar günü istirahət istədilər, amma mən ‘xeyr’ dedim. Çünki kifayət qədər yaxşı oynamadınız.”
Hərçənd ki, bu qələbə “Mançester Siti”ni Premyer Liqada müvəqqəti olaraq liderliyə yüksəldib, Qvardiola sıx oyun qrafikini əsas gətirərək futbolçuların düzgün bərpa prosesindən keçməsinin vacibliyini vurğulayıb.
Təcrübəli çalışdırıcı əlavə edib ki, məşqdən sonra futbolçular ailələrinin yanına gedərək futboldan uzaqlaşmalı və onlara ayrılan üç günlük fasilədən maksimum yararlanmalıdırlar. Komanda Milad günü yenidən bir araya gələcək.
© Copyright 2026, All Rights Reserved