Qvardioladan etiraf: “Heç kimimiz yoxdur, Nikodan asılıyıq”
Pep Qvardiola etiraf edib ki, “Mançester Siti” ciddi yarımmüdafiə böhranı ilə üz-üzədir. “Fulhem”ə qarşı 5:4 qələbə ilə başa çatan dramatik oyunda bu durum xüsusilə aydın görünüb və komandanın Niko Qonzalesdən asılı olduğu ortaya çıxıb.
90plus.az xəbər verir ki, son üç oyunda start heyətinin tək dəyişməz futbolçusu olan ispan yarımmüdafiəçi “Siti” 5:2 öndə olarkən meydandan çıxarılıb. Onun əvəzlənməsindən sonra isə komandanın mərkəz xətti çöküb və “Fulhem” möhtəşəm əks-hücumlarla geri dönməyə başlayıb. Yalnız Yosko Qvardiolun qapı xəttindən çıxardığı top London klubunun möcüzəvi dönüşünü dayandıra bilib.
Rodri qayıtmağa yaxın olsa da, Mateo Kovaçiçin uzunmüddətli itkisi vəziyyəti daha da ağırlaşdırır. Qvardiola bildirib ki, dayaq yarımmüdafiəçisinin yoxluğunu dolduracaq təbii alternativ yoxdur:
“Problemimiz var,” – deyə baş məşqçi vurğulayıb. “Üç dayaq yarımmüdafiəçimiz var, ikisi uzun müddətlik zədəlidir. Heç kimimiz qalmayıb və bu gün bunu bir daha gördük. Bunun üzərində düşünməliyəm.”
Qvardiola mümkün mövqe dəyişikliklərini də nəzərdən keçirir: Niko O’Reillini dayaq zonasına çəkmək, Rayan Ait-Nurini və ya Natan Akeni sol cinah müdafiəsində istifadə etmək, Ticani Reyndersə isə daha irəli mövqedə rol vermək variantlar arasındadır.
© Copyright 2025, All Rights Reserved