Qvardioladan oruc etirazlarına sərt reaksiya: "Hörmət edin"
İngiltərə Premyer Liqasının 28-ci turunda “Mançester Siti” səfərdə “Lids Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, qarşılaşma zamanı müsəlman futbolçuların oruclarını açmaları üçün verilən qısa fasilə isə tribunada narazılıqla qarşılanıb.
Oyunun 13-cü dəqiqəsində Premyer Liqa rəhbərliyinin qaydalarına uyğun olaraq müsəlman oyunçuların iftar etməsi üçün matç qısa müddətə dayandırılıb. Lakin bu zaman “Lids Yunayted” azarkeşləri tərəfindən fit və yuhalama səsləri eşidilib.
Qarşılaşmada yeganə qolu Antuan Semenyo vuraraq “Mançester Siti”yə qələbə qazandırıb.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola matçdan sonra keçirilən mətbuat konfransında tribunaların reaksiyasına münasibət bildirib:
“Biz müasir dünyada yaşayırıq, elə deyilmi? Bu gün dünyada baş verənlərə baxın. Dinlərə hörmət edin, müxtəlifliyə hörmət edin – məsələ budur. Bu qaydanı biz tətbiq etməmişik, bunu Premyer Liqa deyib. Oruç üçün bir-iki dəqiqə fasilə verilə bilər və bunu oyunçular üçün etmək lazımdır.”
Qeyd edək ki, İngiltərə Premyer Liqası 2021-ci ildən etibarən Ramazan ayı ərzində müsəlman futbolçuların oruclarını açmaları üçün oyunların qısa müddətə dayandırılmasına icazə verir.
Baş verən hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub və futbol ictimaiyyətində fərqli reaksiyalar doğurub.
© Copyright 2026, All Rights Reserved