“Real” “Barsa”nın 1 xal gerisində! Mbappe Ronaldoya çatdı
RƏSMİ: Kilian Mbappe “Real Madrid”də bir təqvim ili ərzində vurulan 59 qol göstəricisi ilə Kriştiano Ronaldonun rekordunu təkrarladı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 18-ci turunda Xabi Alonsonun komandası 2025-ci ili yüksək notla başa vuraraq “Sevilya”nı 2:0 hesabı ilə məğlub edib.
Kilian Mbappe 10 nəfərlə qalan “Sevilya”ya qarşı oyunda qol vurmaqla “Real Madrid”də bir təqvim ili ərzində ən çox qol rekordu üzrə Kriştiano Ronaldoya çatıb. “Santyaqo Bernabeu”da baş tutan qarşılaşmada qazanılan bu qələbə sayəsində Madrid təmsilçisi bazar günü 2025-ci ilin son oyununu keçirəcək La Liqa lideri “Barselona”dan cəmi 1 xal geri qalır.
Mbappe “Los Blankos”un ikinci qolunu 86-cı dəqiqədə penaltidən vuraraq 2025-ci ildəki 59-cu və sonuncu qolunu rəsmiləşdirib. Bundan əvvəl fransız hücumçu baş zərbəsi ilə topu qapı dirəyinə tuş gətirmişdi.
Qol epizodunda penaltini qazandıran Rodriqo olub. Braziliyalı futbolçu ilk hissədə “Real Madrid”in hesabı açan qolunda Cud Bellinqemə də məhsuldar ötürmə verib. Rodriqonun özü də matç ərzində bir dəfə çərçivəni nişan alıb.
“Sevilya” 68-ci dəqiqədə azlıqda qalıb. Markao Bellinqemə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Oyunun sonlarında Mbappe daha bir penaltidən qol vuraraq rekordu yeniləyə bilərdi. Osonun Bellinqemə qarşı qayda pozuntusuna görə təyin olunan penalti VAR müdaxiləsindən sonra ləğv edilib – təkrar görüntülərdə “Sevilya”nın ehtiyat oyunçusunun topa oynadığı müəyyənləşib.
Real Madrid 2 - 0 Sevilya
C. Bellingem 38’
K. Mbappe 86’ (pen)
Qollar:
https://t.me/doxsanplus/112634
https://t.me/doxsanplus/112641
İndi “Real” lider “Barsa”dan yalnız 1 xal geri qalır.
ℹ️ Mbappe “Real Madrid”də ilk aylarında çətinliklərlə üzləşsə də, 2025-ci ilin əvvəlindən etibarən möhtəşəm formaya düşüb. Onun 59 qolu, Ronaldonun 2013-cü ildə müəyyən etdiyi klub rekorduna bərabərdir. Avropanın TOP-5 liqalarında bir klub üçün bir ildə bundan çox qol vuran yeganə futbolçu Lionel Messi olub (2012-ci ildə “Barselona”da 79 qol).