Almaniya nəhəngi “Bayern Münhen” heyətində mühüm futbolçusunun gələcəyi ilə bağlı qərarını rəsmiləşdirib. Klub mövsümün sonunda müqaviləsi başa çatmalı olan fransalı müdafiəçi Dayot Upamekano ilə yeni anlaşma imzalayıb.
90plus.az xəbər verir ki, “Bayern Münhen” rəsmi açıqlamasında 27 yaşlı stoperlə müqavilənin 30 iyun 2030-cu ilə qədər uzadıldığını bəyan edib. Bununla da futbolçunun adı bir sıra Avropa nəhəngləri, o cümlədən “Real Madrid” ilə hallandırılmasına son qoyulub.
“Birlikdə böyük hədəflərimiz var”
İmza mərasimində danışan gineyalı əsilli fransız futbolçu klubda qalmaqdan məmnunluğunu ifadə edib:
“Bayern"də qalmaqdan və bu komandada oynamağa davam etməkdən həqiqətən xoşbəxtəm. Möhtəşəm komandamız və güclü baş məşqçimiz var. Birlikdə böyük hədəflərimiz var. Futbolda mentalitet hər zaman önəmlidir. Komanda yoldaşlarım üçün hər məşqdə əlimdən gələnin ən yaxşısını edirəm. Hər oyunda qapımızı toxunulmaz saxlamaq və ‘Bayern Münhen’lə mümkün qədər çox çempionluq qazanmaq istəyirəm.”
Uğurlu statistika
2021/22 mövsümündən etibarən “Bayern Münhen”in formasını geyinən müdafiəçi indiyədək Almaniya Bundesliqasında 3 çempionluq və 3 Almaniya Superkuboku qazanıb.
Upamekano 5 il əvvəl “RB Leypsiq”dən “Bayern Münhen”ə transfer olunub. O, Münhen təmsilçisinin heyətində keçirdiyi 180 rəsmi oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, “Real Madrid”in transfer siyahısında yer aldığı bildirilən təcrübəli müdafiəçi karyerasını Almaniyada davam etdirmək qərarına gəlib.