"Real Madrid" "Man Siti"nin futbolçusuna maraq göstərir
La Liqada “Real Madrid” artıq gələn mövsümün planlarını qurmağa başlayıb. Son həftələr uğursuz nəticələr alan Madrid təmsilçisi turnir cədvəlində “Barselona”dan geri düşdükdən sonra yay transfer pəncərəsi üçün hazırlıqları sürətləndirib.
90plus.az xəbər verir ki, iki həftə əvvəl liderliyi “Barselona”dan alan “Real Madrid” ardıcıl iki məğlubiyyətdən sonra yenidən zirvədən 4 xal geri qalıb. Paytaxt klubu İspaniya Kral Kubokunda da uğursuz çıxış edərək aşağı liqa təmsilçisi “Albasete”yə uduzub və turnirlə erkən vidalaşıb.
Madrid təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsində isə güclü rəqib “Mançester Siti” ilə qarşılaşacaq. Komandada çoxlu zədəli futbolçunun olması klub rəhbərliyini narahat edir.
İtaliyalı jurnalist Matteo Morenonun yaydığı məlumata görə, “Real Madrid” yay transfer pəncərəsində “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır. İspaniya klubu baş məşqçi Pep Qvardiolanın əsas oyunçularından sayılan futbolçu üçün ciddi məbləğ ödəməyə hazırdır.
29 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ildə başa çatır. Mançester təmsilçisi isə hələ ki futbolçu ilə yeni müqavilə imzalamayıb. Bu səbəbdən “Real Madrid”in yaxın aylarda transfer üçün rəsmi addımlar ata biləcəyi bildirilir.
© Copyright 2026, All Rights Reserved