"Real Madrid"də Mbappe skandalı - Səhv dizini müayinə etdilər
"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappenin zədəsi ilə bağlı qalmaqallı iddialar ortaya atılıb.
90plus.az xəbər verir ki, fransalı jurnalist Daniel Riolo RMC radiosunda yayımlanan proqramda diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Kilian Mbappe Madrid klubunun qoyduğu diaqnozdan narazı qalıb və bu səbəbdən Parisə gedərək ikinci tibbi rəy alıb.
İddialara görə, "Real Madrid"in həkimlərinin qoyduğu yanlış diaqnoz futbolçunun ciddi narazılığına səbəb olub. Daniel Riolo bu barədə danışarkən klubun böyük səhvə yol verdiyini vurğulayıb.
Xəbərdə yer alan ən diqqətçəkən məqamlardan biri isə müayinə prosesi ilə bağlıdır. Bildirilir ki, "Real Madrid"in tibbi heyəti yanlış diz üzərində yoxlama aparıb. Bu iddia klub üçün ciddi biabırçılıq kimi qiymətləndirilir.
Qeyd olunur ki, Kilian Mbappe Parisdə aldığı yeni müalicə protokolu sayəsində əməliyyatdan yayına bilib. Fransalı futbolçu özü də açıqlamasında dizinin yaxşı vəziyyətdə olduğunu və düzgün diaqnozun sağalma prosesini sürətləndirdiyini bildirib.
"Real Madrid" tərəfi isə yayılan bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
© Copyright 2026, All Rights Reserved