“Real Madrid”də müqavilə və Mbappe böhranı: Vinisius ayrılır?

“Real Madrid” 2027-ci ildə müqaviləsi başa çatacaq braziliyalı ulduz Vinicius Jr. ilə yeni sözləşmə imzalamaq istəyir. Lakin futbolçunun illik 30 milyon avro maaş tələbi tərəflər arasında razılaşmanın qarşısını alıb.
90plus.az xəbər verir ki, Vinicius Jr. həm yüksək maaş istəyir, həm də komandada Kilian Mbappenin ön planda olduğu sistemdə “yardımçı rolda” çıxış etməsindən narazıdır.
“Real Madrid” isə braziliyalı hücumçunun tələblərini qəbul etməyə meyilli deyil. Klub rəhbərliyi komanda daxilində maaş balansını pozmaq istəmir və bu səbəbdən danışıqlar dalana dirənib.
Əgər Vinicius Jr. bu mövqeyində israrlı olarsa, “Real Madrid” onu satış siyahısına əlavə edə bilər. Klubda qalmaq istəməyən və müqavilə uzatmaqdan imtina edən futbolçu üçün ciddi təkliflərə açıq qapı buraxılacaq.
Vinicius Jr. 2018-ci ildə “Real Madrid” tərəfindən “Flamenqo”dan 45 milyon avroya transfer olunmuşdu. O, 7 mövsüm ərzində “Real” formasını 322 oyunda geyinərək 106 qol vurub və 83 məhsuldar ötürmə ilə yadda qalıb. Bu müddətdə iki UEFA Çempionlar Liqası da daxil olmaqla, ümumilikdə 15 titulun qazanılmasında pay sahibi olub.
© Copyright 2025, All Rights Reserved