"Real Madrid"də şok itki - Bu mövsümdə 3-cü dəfə
“Real Madrid”li Trent Aleksander-Arnold yenidən ciddi zədə aldı – ən azı 2 ay oynamayacaq.
90plus.az xəbər verir ki, “Real Madrid”ə transfer olunduğu gündən bəri ard-arda zədələrlə mübarizə aparan Trent Aleksander-Arnold yenicə yaşıl meydanlara qayıtmağa başlamışdı ki, daha bir bədbəxtliklə üzləşdi.
La Liqada dünən gecə “Real Madrid”in “Atletik Bilbao” üzərində qazandığı 3:0 hesablı qələbə zamanı, oyunun 55-ci dəqiqəsində Trent Aleksander-Arnold zədə səbəbi ilə meydanı tərk etməli olub. Aparılan ilkin müayinələr futbolçunun durumunun ciddi olduğunu üzə çıxarıb.
Klubun rəsmi açıqlamasında qeyd olunur:
“Futbolçumuz Trent Aleksander-Arnoldda bu gün ‘Real Madrid’ Sağlamlıq Xidməti tərəfindən aparılan testlər nəticəsində sol kvadriseps əzələsinin rektus femoris hissəsində əzələ zədəsi aşkarlanıb. Bərpa prosesi izləniləcək.”
Marcanın məlumatına görə, ingilis müdafiəçi ən az iki ay yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı oyunçunun bütün turnirlər üzrə 10-dan çox matçı buraxacağı gözlənilir.
İspaniya klubuna keçidindən bəri artıq üçüncü dəfə zədə alan Aleksander-Arnold bir neçə həftə əvvəl, sentyabr ayında yaşadığı bud (uyluq) zədəsini yeni sağaltmış və komandasına yenidən qoşulmuşdu.
Bu mövsüm La Liqa və Çempionlar Liqasında ümumilikdə 11 oyuna çıxan futbolçu cəmi 497 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved