“Real Madrid”də Vinisius Junior qərarını açıqladı – gələcəyi ilə bağlı son söz
“Real Madrid”in ulduz futbolçusu Vinisius Junior gələcəyi ilə bağlı yayılan ayrılıq iddialarına son qoyub.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid”in “Bavariya Münhen”i qəbul edəcəyi oyun öncəsi keçirilən mətbuat konfransında danışan braziliyalı futbolçu klubda qalmaq istədiyini açıq şəkildə ifadə edib.
Vinisius Junior bildirib ki, uzun illər “Real Madrid” formasını geyinmək niyyətindədir: “Ümid edirəm ki, burada uzun müddət qala bilərəm. Klub prezidentinin mənə olan inamı sayəsində özümü çox rahat hiss edirəm. Doğru zaman gəldikdə müqavilənin uzadılması məsələsini müzakirə edəcəyik. Bura mənim arzularımdakı klubdur və uzun illər birlikdə davam edəcəyik.”
Ulduz futbolçu daha əvvəl baş məşqçi kimi çalışan Xabi Alonso dövründə yaşadığı çətinliklərə də toxunub. O qeyd edib ki, həmin vaxt kifayət qədər oyun şansı əldə etməyib: “Oyunlarda çıxış edirdim, amma çox az dəqiqə alırdım. Bu, mənim üçün çətin dövr idi. Hər məşqçinin öz yanaşması var və mən onun istədiyi uyğunluğu tam tapa bilmədim.”
Vinisius Junior əlavə edib ki, sonradan komandaya rəhbərlik edən Arbeloa ilə münasibətləri daha yaxşı olub və onun rəhbərliyi altında özünü daha rahat hiss edib: “Bu təcrübə mənim üçün öyrədici oldu. Arbeloa ilə işləməyə davam etmək istərdim, çünki onunla aramda çox yaxşı əlaqə var və o, mənə hər zaman güvənib.”
Vinisius Juniorun mövcud müqaviləsi gələn mövsümün sonunda başa çatır. Onun gələcəyi isə qarşıdakı aylarda klub rəhbərliyi ilə aparılacaq danışıqlardan sonra dəqiqləşəcək.
© Copyright 2026, All Rights Reserved