“Real Madrid”in sabiq dietoloqu klubun mətbəxini açıb-tökdü
“Real Madrid”in sabiq dietoloqundan şok iddialar: “Heç nə etmə, küncdə otur və maaşını al”!
90plus.az xəbər verir ki, “Real Madrid”in sabiq dietoloqu İtsiar Qonsales klubda çalışdığı dövrlə bağlı yeni və qalmaqallı açıqlamalar verib. Onun sözlərinə görə, Madrid təmsilçisinin tibbi və fizioterapiya heyəti qidalanma ilə bağlı müasir yanaşmalara qəti şəkildə qarşı çıxıb.
Qonsales bildirib ki, futbolçulara səhər yeməyində şirniyyat və bulkaların yeyilməməsini tövsiyə etdikdən sonra tibbi heyətdən sərt reaksiya alıb:
“Biz bu şəkildə 15 Çempionlar Liqası qazanmışıq. Heç nəyi dəyişmə, yoxsa işdən çıxarılacaqsan" dedilər.
Sabiq dietoloqun iddiasına görə, ona faktiki olaraq işləməyə imkan verilməyib. Klub daxilində ona belə deyilib:
“Heç nə etmə, küncündə otur və maaşını al. Sənin roluna ehtiyac yoxdur.”
Qonsales futbolçuların onun mövcudluğundan belə xəbərsiz olduğunu, bununla bağlı sual verdikdə isə “işləmədən pul qazandığı üçün şanslı” adlandırıldığını qeyd edib. Onun sözlərinə görə, rəhbərlik tərəfindən kiçik bir otaqdan çıxmaması tövsiyə olunub və bu, “işini qorumağın ən yaxşı yolu” kimi təqdim edilib.
Daha ciddi iddialardan biri isə futbolçularla bağlıdır. Qonsales deyir ki, bəzi oyunçular onun qidalanma məsləhətlərinə əməl etmək və ya birbaşa əlaqə saxlamaq istədikdə, fizioterapevtlər və tibbi heyət buna mane olub, bütün kommunikasiya kanallarını bağlayıblar.
Bununla belə, İtsiar Qonsales futbolçularla və klub prezidenti Florentino Pereslə münasibətlərinin yaxşı olduğunu, onların ona hər zaman hörmətlə yanaşdıqlarını vurğulayıb.
Hazırda davam edən məhkəmə işi ilə bağlı da danışan Qonsales iddia edir ki, bu proses maliyyə ilə bağlı deyil:
“Bu dava pul üçün deyil. Mən sadəcə nüfuzumu bərpa etmək istəyirəm. İşimə qarşı aparılan qarayaxma kampaniyasından sonra yalnız üzr istənilməsini tələb edirəm.”
Məsələ “Real Madrid” ictimaiyyətində və futbol dünyasında geniş müzakirələrə səbəb olub.