Reşford: “Barselona” mənə çox yaxşı təsir etdi”

Markus Reşford: “Mançester Yunayted-də çox dəyişkən mühitdə idim” – “Barselona”da yeni başlanğıc yaxşı "gəlib".
90plus.az xəbər verir ki, İngiltərə millisinin və “Barselona”nın hücumçusu Markus Reşford “Mançester Yunayted”dəki illərinə baxış salaraq karyerasındakı dəyişikliklər barədə danışıb. Hazırda Kataloniya klubuna icarəyə verilən 27 yaşlı futbolçu etiraf edib ki, “Yunayted”dəki qeyri-sabit mühit onun performansına mənfi təsir göstərib.
“Çox uzun müddətdir ki, dəyişkən və qeyri-sabit bir mühitdə idim. Bu səbəbdən ardıcıl çıxış etmək daha da çətin idi. İndi isə əsas məqsədim oyunumda sabitliyi tapmaqdır. Mən bunu “Barselona”da etməyə çalışıram,” – deyə Raşford ITV-yə müsahibəsində bildirib.
İngilis futbolçu əlavə edib ki, sabit mühit istənilən sahədə davamlılıq üçün əsas şərtdir:
“Sabit olmaq istəyirsənsə, həyatında və məşqlərində dəyişməzlik olmalıdır. Mən ən yaxşı formamda olanda futboldan tam zövq alıram.”
Reşford bu mövsüm “Barselona”da parlaq çıxış edir. Hücumçu 10 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə komandasında ən çox qol payına sahib oyunçudur. O, həmçinin baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında İngiltərə millisinin heyətində də yer alıb və 2026-cı il Dünya Çempionatına hazırlıq prosesinin əsas hissəsinə çevrilib.
2016-cı ildə Lui van Qaalın rəhbərliyi altında “Mançester Yunayted”də debüt edən Reşford bu illər ərzində 4 daimi, 3 müvəqqəti baş məşqçi ilə çalışıb. Futbolçu bu vəziyyətin onun inkişafını çətinləşdirdiyini etiraf edib:
“Karyeram ərzində çoxlu dəyişikliklər gördüm. Amma artıq keçmişə deyil, gələcəyə baxmaq vaxtıdır.”
Mənbə: ITV / The Daily Mail
© Copyright 2025, All Rights Reserved