Reşford “Barselona”da ilk qolunu vurdu

Markus Reşford “Barselona”dakı ilk qolunu vurub. Hansi Flikin komandası Cənubi Koreyada “Dequ” üzərində 5:0 hesablı qələbə ilə Asiya təlim-məşq toplanışını tamamlayıb.
90plus.az xəbər verir ki, iyulda “Mançester Yunayted”dən icarəyə gələn Reşford yeni klubunda cəmi üçüncü oyununa çıxıb və fasilədən sonra meydana daxil olaraq 65-ci dəqiqədə fərqlənib. Onun qol ötürməsini müdafiəçi Erik Qarsiya verib. Reşford cərimə meydançasının kənarından dəqiq zərbə ilə qapını dəqiq nişan alıb.
Matç boyu oyuna tam nəzarət edən “Barselona” rəqibə 90 dəqiqə ərzində bircə dəfə də olsun qapıya zərbə endirməyə imkan verməyib.
“Hazırlığın ən vacib mərhələlərindən birini başa vurduq. Əsas odur ki, yaxşı məşq edə bildik. Görmək istədiklərimizi gördük, yoxlamalar uğurlu keçdi,” – deyə baş məşqçi Hansi Flik oyundan sonra jurnalistlərə açıqlama verib.
Komandanın yarımmüdafiəçisi Qavi start heyətində meydana qayıtdığı oyunda dubla imza atıb. Robert Levandovski isə ilk hissədə vurulan digər qolun müəllifi olub. Yəni “Barselona” fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.
Hücumda çox fəal olan Lamin Yamal özü qola imza atmasa da, Qavinin 21-ci dəqiqədə vurduğu ilk qola assist edib və bir neçə epizodda rəqib qapıçını xilas etməyə məcbur edib.
Fasilədə Flik heyətdə 11 dəyişiklik edib və güclü yağışa baxmayaraq, komandası ikinci hissədə də oyunun tempini qoruyub saxlayıb.
© Copyright 2025, All Rights Reserved