Reşford və “Barselona” bir-birini istəyir, hər şey puldan asılıdır
Markus Reşford “Barselona”da qalmaq istəyini açıqladı: “Məqsədim titul qazanmaqdır”.
90plus.az xəbər verir ki, “Barselona”nın hücumçusu Markus Reşford mövsümün sonunda başa çatacaq icarə müddətindən sonra da Kataloniya klubunda qalmaq istədiyini açıq şəkildə bəyan edib. İngiltərəli futbolçu gələcəyi ilə bağlı mövqeyini SPORT nəşrinə verdiyi müsahibədə açıqlayıb.
Markus Reşford: “Barselona”da qalmaq istəyirəm. Bu, mənim məqsədimdir. Amma bu, hər gün daha çox çalışıb, maksimumumu verməyimin əsas səbəbi deyil. Əsas məqsəd qələbə qazanmaqdır. “Barselona” titul qazanmaq üçün qurulmuş böyük və möhtəşəm klubdur.”
Reşfordun “Mançester Yunayted”dən “Barselona”ya icarəsi 2024/25 mövsümünün sonunda başa çatır və futbolçunun yayda taleyi qeyri-müəyyən olaraq qalır. Bununla belə, İspaniya mətbuatının yazdığına görə, Kataloniya klubu artıq oyunçunun gələcəyi ilə bağlı aktiv şəkildə çalışır.
Məlumatlara əsasən, “Barselona”nın baş məşqçisi Hansi Flik Reşfordun transferinin daimi əsaslarla reallaşdırılmasını prioritet hesab edir. Jurnalist Matteo Morettonun bildirdiyinə görə, Flik 28 yaşlı futbolçunu klubun əsas hədəflərindən biri kimi müəyyənləşdirib və rəhbərlik onun transferi üzərində işləyir. Maliyyə çətinliklərinə baxmayaraq, “Barselona”nın Reşfordu təxminən 26 milyon funt sterlinq qarşılığında transfer etməsi mümkündür.
Xatırlatma: Reşford yay transfer pəncərəsində “Mançester Yunayted”də Ruben Amorimin planlarından kənarda qaldıqdan sonra mövsümlük icarə əsasında “Barselona”ya qoşulub. Daha əvvəl isə o, qısa müddət “Aston Villa”da da çıxış etmişdi.
O, “Barselona” forması ilə indiyədək 24 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bu qollardan 4-ü Çempionlar Liqası matçlarına təsadüf edir.
Reşford klubdakı mühitdən məmnunluğunu da gizlətməyib:
“Kluba və şəhərə çox yaxşı uyğunlaşmışam. İlk gündən hamının məni çox isti qarşıladığını hiss etdim. Mən buradayam ki, komandaya titullar qazanmaqda kömək edim. Buradakı təzyiq müsbətdir — futbolçu olaraq istədiyim məhz budur.”
İngiltərəli hücumçu vurğulayıb ki, yüksək tələblərin olmadığı mühitdə motivasiyasını qorumaq çətindir:
“Maksimum hədəflərin qoyulmadığı yerdə oynamaq mənim üçün daha çətindir. Mən düzgün yerdəyəm və hər gün komandaya kömək etmək üçün əlimdən gələni edirəm. Gələn yay nə olacağını zaman göstərəcək.”
Görünən odur ki, həm futbolçunun istəyi, həm də “Barselona”nın planları üst-üstə düşür. İndi əsas sual — Kataloniya klubunun bu transferi maliyyə baxımından reallaşdırıb-reallaşdıra bilməyəcəyidir.