Robbi Kin: "Hələ heç nə bitməyib"

"Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
90plus.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin qarşılaşma ərəfəsində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Diqqət etməli olduğu məqamlar
– İrəliləmək istəyiriksə, kollektiv şəkildə diqqətli olmalıyıq. Fərdi səhvlərə yol vermək olmaz. İlk oyunda sadə epizodlardan qollar buraxdıq və "Qarabağ" bu imkanları dəyərləndirməyi bacardı. İndi isə fiziki durumumuz yaxşıdır və komandamız tam motivasiya ilə meydana çıxacaq.
Futbolçu və baş məşqçi duyğuları
– Belə səviyyədə olmaq hər zaman qürurvericidir. Qarşılaşacağımız komanda çox güclüdür. Düzünü desəm, sabahkı matç öncəsi futbolçu olduğum dövrlərdəki kimi həyəcanlıyam. Baş məşqçi kimi də daim yüksək nəticələr qazanmaq istəyirəm.
Altı futbolçusu Macarıstan millisinə çağırılıb. Fikirləri...
– Bu, mənim üçün qürurvericidir. Gənc futbolçulara dəstək verməyə və onların inkişafına şərait yaratmağa hər zaman önəm vermişəm. Bu da iş prinsipimin bir hissəsidir.
Komandası Bakıda məşq etmədi
– Adətən, bütün hazırlıqlarımızı öz stadionumuzda aparırıq. Bəziləri stadionların fərqsiz olduğunu düşünə bilər, amma biz belə bir yanaşma ilə səfərə çıxırıq və bu bizə öz oyunumuzu daha rahat göstərməyə kömək edir.
Ümidləri...
– Futbolda hər şey baş verə bilər. Uzun illərdir bu oyunun içindəyəm. "Liverpul"da çıxış etdiyim vaxtlarda 0:3-dən geri dönüş etdiyimiz oyunlar olub. 3:2, 4:2 kimi nəticələrlə qalib gəldiyimiz görüşləri xatırlayıram. Sabah da eyni əzmkarlığı nümayiş etdirməyə çalışacağıq. Məğlubiyyətə öyrəşməmişəm və baş məşqçi olaraq komandanı maksimum hazırlamaq mənim əsas vəzifəmdir.
© Copyright 2025, All Rights Reserved