Rodriqo “Real”da riskə gedir, israrla qalır

“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo komandada qalmaq və Xabi Alonsonun start heyətində yerini qorumaq niyyətindədir. Bu barədə “Cadena SER”in “El Larguero” proqramı məlumat yayıb. Mənbənin iddiasına görə, “Tottenhem” futbolçu üçün 65 milyon avroluq təklif göndərsə də, Rodriqo ayrılmaq istəmir.
90plus.az xəbər verir ki, futbolçunun yaxın ətrafından olan İqnasiyo Markano da Rodriqonun mövqeyini təsdiqləyib:
“Rodriqonun durumu dəyişməyib. O, ‘Real Madrid’dən getmək istəmir və 2028-ci ilə qədər müqaviləsi var.”
Bununla belə, jurnalist Alfred Relanyonun fikrincə, Rodriqonun mümkün gedişi Madrid klubunun yeni yarımmüdafiəçi transferini reallaşdırmaq baxımından həlledici ola bilər. O qeyd edib ki, Rodriqo ardıcıl performans göstərməkdə çətinlik çəkir:
“Xüsusilə zəif bir mövsümdən çıxır. Bəzi yaxşı oyunlar keçirsə də, ardıcıllığı çatışmayıb.”
Relanyo hesab edir ki, onun satılması, “Real Madrid”in komanda üçün zəruri hesab edilən yaradıcı yarımmüdafiəçi transferinə imkan verə bilər:
“Əgər yaxşı bir təklif olsa, Madrid uzun zamandır ehtiyac duyduğu transferi həyata keçirə bilər.”
“Tottenhem”in 65 milyon avroluq təklifi hələlik “Real Madrid”in 90 milyonluq ilkin qiymətləndirməsindən aşağıdır. Amma bu məbləğ belə klub üçün ciddi bir transfer büdcəsi yarada bilər.
Rodriqonun isə yüksək maaş və prestijli klub tələbləri danışıqları çətinləşdirir:
“Bildiyimə görə, çox sərt yanaşır. Ancaq böyük ad olan və çox maaş verən komandaya getmək istəyir.”
Xabi Alonsonun iki hücumçu ilə oynamağa üstünlük verməsi isə Rodriqonun şanslarını azalda bilər. Üstəlik, o, çox vaxt özünü rahat hiss etmədiyi sağ cinahda oynayır. Halbuki həm o, həm də Mbappe ilə Vinisius sol cinahda çıxış etməyi üstün tutur.
© Copyright 2025, All Rights Reserved