Ronaldo Cokoviçə mükafat verdi, maraqlı dialoq alındı
Ronaldo və Cokoviç "Globe Soccer Awards"-da bir araya gəldi!
90plus.az xəbər verir ki, Dubaydakı "Globe Soccer Awards 2025" mərasimində Kriştiano Ronaldo və Novak Cokoviç səhnədə bir araya gələrək bir-birlərinə hörmətini nümayiş etdirdilər. Hər iki idmançı uzunömürlü karyeraları və qalibiyyət arzusu ilə diqqət çəkdi.
Ronaldo Orta Şərqin İlin Oyunçusu mükafatını alarkən, Cokoviç isə yeni təqdim olunan Globe Sports Award mükafatını aldı. Mükafatı ona keçmiş “Real Madrid” və “Mançester Yunayted” ulduzu Ronaldo təqdim etdi. Ronaldo Cokoviçi uzunömürlülüyün nümunəsi kimi qiymətləndirdi:
“Onun uzunömürlülüyü mənim üçün nümunədir. O, keçmiş, indiki və gələcək nəsillər üçün örnəkdir.”
Cokoviç də dostuna təşəkkür etdi:
“Ondan bu sözləri eşitmək və onu dost adlandırmaq mənim üçün böyük şərəfdir. Hər şeyi qazanan birini görürsən, amma o hələ də daha çoxunu istəyir. Fərqli idmanlarda olsaq da, bir-birimizi dəstəkləyə bilərik.”
Ronaldo isə karyerasında 1000 qol hədəfi üçün hələ 44 qol vurmalı olduğunu bildirdi və əlavə etdi:
“Əgər zədələr olmasa, bu hədəfə çatacağıma əminəm.”
Sual verildikdə ki, əvvəlcə 25-ci Böyük Dəbilqəni Cokoviç qazanacaq, yoxsa Ronaldo 1000-ci qolunu vuracaq, Coko gülümsəyərək dedi:
“Niyə birlikdə olmasın?”
© Copyright 2026, All Rights Reserved