Ronaldo futbolçu karyerasını bitirib bu evdə yaşayacaq
Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra Portuqaliyada dəyəri 30,4 milyon avro olan malikanəyə köçə bilər.
90plus.az xəbər verir ki, Lissabondan 48 km məsafədə yerləşən, eksklüziv sahilyanı kurort zonasında inşa olunan bu dəbdəbəli mülkün tikintisi artıq tamamlanıb. Futbolçunun evi ölkədəki ən böyük və ən bahalı malikanələrdən biri hesab olunur. Burada Ronaldonun 13,8 milyon avro dəyərində olan avtomobil kolleksiyası üçün yeraltı parkinq də mövcuddur.
Səkkiz yataq otağından ibarət olan malikanənin tikintisi üç ildən çox vaxt aparıb. “Əl-Nəsr”in hücumçusunun futbolu bitirdikdən sonra bu evə köçməsi gözlənilir.
Malikanədə qonaqların üzərində üzən insanları görə bilməsi üçün sualtı keçidi olan nəhəng şüşə hovuz, ağıllı isitmə sistemi, idman zalı, qapalı və açıq hovuzlar, masaj otağı və kino zalı var.
Ronaldonun beş övladı üçün oyun meydançası salınıb, özü və nişanlısı Corcinya Rodrigez isə şəxsi çimərlikdə dincələ biləcəklər. Evdə həmçinin saf qızıldan hazırlanmış kranlar, İtaliya mərməri və cütlük üçün xüsusi dizayn edilmiş Louis Vuitton freskası da yer alır.
Qeyd olunur ki, Ronaldo təhlükəsizliyi daha da artırmaq məqsədilə yeni evinin yanında yerləşən qolf meydançasını almağa çalışıb, lakin onun təklifi qəbul edilməyib.
© Copyright 2026, All Rights Reserved