Rəşad Sadıqov və Valdas Dambrauskas danışdı
“Sabah” və “Zirə”dən dramatik heç-heçə – Dambrauskas və Sadıqovdan fərqli baxışlar.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 27-ci turunda “Sabah” doğma meydanda “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Gərgin və qollu keçən oyundan sonra hər iki komandanın baş məşqçisi matç barədə fikirlərini bölüşüb.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının oyun üslubuna sadiqliyini və dominant çıxışını vurğulayıb:
“Bu gün həqiqətən də yaxşı oyun alındı və azarkeşlər qollu matça şahid oldular. İlk dəqiqədən son saniyəyə qədər qalib gəlmək üçün vuruşduq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edən, pressinq edən və hücuma atılan tərəf biz idik. Rəqibi təbrik edirəm, yəqin ki, bura bir xal üçün gəlmişdilər və buna nail oldular”.
O, həmçinin buraxılan qollar və komandanın reaksiyası barədə də danışıb:
“Ardıcıl üçüncü matçdır ki, geri düşsək də, geri qayıtmağı bacarırıq. Bu gün çox qol fürsətlərimiz oldu. Amma müdafiədəki səhvləri dərindən təhlil etməliyik. Biz yalnız öz oyunumuza köklənirik”.
Dambrauskas rəqib nəticələrinə diqqət etmədiklərini də qeyd edib:
“Digər komandaların xal itirməsi barədə heç düşünmürəm. Biz sadəcə öz səhvlərimizə görə qollar buraxdıq”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə oyunun çətin keçdiyini, lakin 1 xalı dəyərli hesab etdiyini bildirib:
“Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Amma sonra toparlanıb iki qol vurduq. Son dəqiqələrdə rəqib böyük qüvvə ilə irəli atıldı, biz isə müdafiədə dayandıq və 1 xal qazandıq”.
Sadıqov komandasının əzmkarlığını xüsusi vurğulayıb:
“Futbolçularımız əzmkarlıq göstərdilər. Bu cür oyunlarda qazanılan hər xal dəyərlidir. Bu xal bizim üçün çox faydalı olacaq”.
O, həmçinin oyun zamanı emosiyaları barədə də danışıb:
“15-ci dəqiqədə qol buraxanda narahat oldum ki, komanda dağıla bilər. Ona görə fəal oldum. Amma ikinci hissədə daha sakit idim”.
Baş məşqçi qarşıdakı oyunlara da toxunub:
“Qarşıda ‘Neftçi’ və kubok oyunumuz var. Aprel ayı çox ağır olacaq və buna ciddi hazırlaşmalıyıq”.
Beləliklə, “Sabah” üstün oyun sərgiləsə də, “Zirə” əzmkarlığı ilə vacib bir xalı səfərdə qazanmağı bacarıb.