Runi: “Ronaldoya nifrət etmirəm, əksinə onu sevirəm”

İngiltərə futbolunun əfsanəsi Ueyn Runi keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətləri barədə danışıb.
90plus.az xəbər verir ki, o, ictimaiyyət arasında formalaşan “Runi Ronaldoya nifrət edir” fikrinin yanlış olduğunu bildirib.
“Mançester Yunayted”in keçmiş müdafiəçisi və kapitanı Rio Ferdinandın “podkast”ında qonaq olan Runi bunları deyib:
“İnsanlar elə bilir ki, mən Kriştianoya nifrət edirəm. Amma əksinə – onu sevirəm. O, meydanda etdikləri ilə tam bir dahidir, inanılmaz oyunçudur.”
“Kriştianonu sevirəm və onunla bir komandada oynamaqdan zövq almışam. İnsanlar bizim nə qədər yaxın olduğumuzu belə bilmirlər. Sadəcə, mən bir dəfə ‘Messi Ronaldodan daha yaxşıdır’ dedim deyə, elə düşünürlər ki, mən Kriştianonu bəyənmirəm.”
Runi sözlərinə belə davam edib:
“Messini də sevirəm. Onun oyunlarını izləmək həzz verir. Mən sadəcə düşündüm ki, Messi komanda oyunu və həmkarları ilə əlaqə baxımından bir az daha yaxşıdır. Ronaldo isə meydanda tam bir ‘qatildir’. İnsanlar zənn edir ki, mən Messini daha üstün saydığım üçün Kriştiano haqda pis danışıram. Bu, doğru deyil.”
Qeyd: Runi və Ronaldo “Mançester Yunayted”də bir neçə il birgə çıxış ediblər. Onların münasibətləri 2006-cı il Dünya Çempionatında İngiltərə və Portuqaliya arasında keçirilən qarşılaşmada baş verən hadisədən sonra diqqət mərkəzinə düşmüşdü.
© Copyright 2025, All Rights Reserved