Sabiq “Çelsi” futbolçusu son günlərini yaşayır
Kədərli xəbər: Lamişa Musonda həyatla mübarizədə son günlərini yaşayır. Onun yaşaması üçün cəmi bir neçə günü qalıb.
90plus.az xəbər verir ki, “Çelsi” akademiyasının keçmiş futbolçusu Lamişa Musonda sosial şəbəkə hesabında paylaşdığı ürəkdağlayan mesajla hər kəsi sarsıdıb.
33 yaşlı belçikalı futbolçu son iki il ərzində ağır xəstəliklə mübarizə apardığını və sağlamlıq vəziyyətinin artıq kritik həddə çatdığını bildirib. Musondanın sözlərinə görə, həkimlər onun yalnız bir neçə gününün qala biləcəyini istisna etmirlər.
Karyerasına “Anderlext”in akademiyasında başlayan Lamişa Musonda 2012-ci ildə “Çelsi”nin gənclər sisteminə qoşulmuşdu. O, Instagram hesabında yayımladığı mesajda yaşadıqlarını belə ifadə edib:
“Həyat enişlər və yoxuşlardan ibarətdir və çəkdiyin ağrını heç kim tam anlaya bilməz.
Son iki il mənim üçün xüsusilə çətin və tükəndirici olub. Böyük kədər hissi ilə bildirirəm ki, sağlamlığımı bərpa etmək üçün mübarizə aparıram. Sosial mediada görünməməyimin səbəbi də budur.
Reallıqla üzləşməli oldum: sağlamlıq vəziyyətim kritikdir və indi yaşamaq uğrunda mübarizə aparıram. Bu müddətdə dəstəyiniz və dualarınız mənim üçün çox önəmlidir. Ailəm və mən mübarizəni davam etdiririk və son nəfəsimə qədər təslim olmayacağam.
Gənclik illərimi yaşamaq mənə nəsib oldu və hələ də verə biləcəyim çox şey var. Lakin şəxsən təşəkkür etmək istədiyim o qədər gözəl insanlar var ki… Bunu edə bilməmək ehtimalı məni çox kədərləndirir.
Hamınızı sevirəm.”
Lamişa Musondanın paylaşımı futbol ictimaiyyətində böyük rezonans və kədər doğurub.
© Copyright 2026, All Rights Reserved