Sabiq futbol ulduzu narkotacir kimi 7 illik tutuldu

Sabiq futbol ulduzu, 41 yaşlı Ronni Stam narkotik qaçaqmalçılığına görə 7 il həbs cəzasına məhkum edilib.
90plus.az xəbər verir ki, keçmiş “Viqan Atletik” oyunçusu iyun ayında həbs olunandan sonra vətəni Niderlanda 2 tondan çox kokain qaçaqmalçılığı ittihamı ilə günahlandırılıb. Kokainin küçə dəyərinin 48,6 milyon funt-sterlinq olduğu bildirilir.
Prokurorlar 41 yaşlı Stamı Niderland cinayət aləminin mühüm fiqurlarından biri hesab edərək onun üçün 13 il həbs tələb etmişdilər. Lakin o, irəli sürülmüş iki ən ağır ittihamdan bəraət aldığı üçün 7 il həbs cəzası ilə kifayətlənib.
Məhkəmə Stamı 724 kiloqram kokain və MDMA qaçaqmalçılığı və “gülüş qazı” kimi tanınan azot oksidi saxlamaqda təqsirli bilib.
Stam əvvəlcə özünü “böyük oyunçu” kimi göstərmədiyini deyib:
“O uşaqlarla birlikdə olmaq axmaqlıq idi. Amma mən o böyük kokain partiyalarına və ticarət xətlərinin yaradılmasına qarışmamışam. Onları onlar edirdi, məni kənarda saxlayırdılar.”
Lakin daha sonra o, Braziliyadan Frankfurta 20 kiloqram kokain qaçaqmalçılığı planında iştirakını etiraf edib. Sözügedən narkotiklər Çilidə ələ keçirilib və Rotterdam limanına çatdırılmayıb.
Polis şifrəli mesajlaşma xidmətini sındırdıqdan sonra Stamın valideynləri, qardaşı və sevgilisi də narkotik qaçaqmalçılığına görə saxlanılıb. Altı evə və bir avtodoma edilən basqın zamanı 85 min funt-sterlinq nağd pul aşkarlanıb.
Məhkəmə qərarına əsasən, Stam qanunsuz qazancından 1,47 milyon funt-sterlinqi də geri ödəməlidir.
Stam futbolçu karyerasında 2009/10 mövsümündə Stiv Maklarenin rəhbərliyi altında “Tvente” ilə Erediviziya çempionu olub, daha sonra üç il “Viqan”da çıxış edib. O, klubun məşhur FA Kuboku finalında “Mançester Siti”yə qarşı qələbə qazandığı oyunu ayaq sınığı səbəbilə buraxıb.
“Viqan”dan ayrıldıqdan sonra qısa müddət “Standard”da oynayan Stam daha sonra karyerasını doğma klubu “NAC Breda”da başa vurub.