Sabiq "Liverpul"lu qapıçı karyerasını bitirir
“Brügge” klubunun qapıçısı Simon Minyole mövsüm başa çatdıqdan sonra futbolçu karyerasını bitirəcəyini bildirib.
90plus.az xəbər verir ki, təcrübəli qolkiper açıqlamasında belə deyib:
“Pley-off mərhələsində keçirəcəyim oyunlar karyeramın son 10 qarşılaşması olacaq. Sentyabrın 1-dən etibarən Belçika Futbol Federasiyasının idman şöbəsində rəhbər vəzifədə işləməyə başlayacağam. Hansı vəzifə olacağını isə daha sonra açıqlayacağam.
Bu qərarı düşünərək vermişəm və bunun üçün vaxt lazım oldu. Uzun müddət bunu gizli saxlamalı oldum. Hətta oğluma belə yalnız dünən demişəm. Mövsümün son matçından sonra klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma məlumat verdim.
Pley-off zamanı müxtəlif söz-söhbətlərin yaranmaması üçün açıq danışmağın düzgün olduğunu düşündüm. Hələ emosional şəkildə vidalaşmaq istəmirəm, çünki işim tamamlanmayıb. “Brügge” ilə yenidən çempion olub ikinci ulduzu qazanmaq niyyətindəyəm.
İndi pley-offda çıxışlarım daha diqqətlə izləniləcək, bu da futbolun bir hissəsidir. Amma son ana qədər hər gün ən yüksək səviyyədə oynamağa çalışacağam”, – deyə Minyole vurğulayıb.
Qolkiper futbol yoluna “Sent-Truiden”də başlayıb, 2010-cu ildə “Sanderlend”ə transfer olunub. 2013–2019-cu illər arasında “Liverpul”da çıxış edib və 2018/19 mövsümündə Çempionlar Liqasının qalibi olub.
“Brügge”nin heyətində isə 4 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku və 2 dəfə Superkubok qazanıb. Belçika millisində 35 oyuna çıxan qapıçı, 2018-ci il dünya çempionatında bürünc medal əldə edib.
© Copyright 2026, All Rights Reserved