Sabiq tennisçi: "Cokoviçə görə dediklərimi geri götürərəm"
90plus.az xəbər verir ki, serbiyalı tennis ulduzu Novak Cokoviç 25-ci “Qrand Slam” çempionluğu uğrunda mübarizəni davam etdirsə də, bu hədəfin hələ uzaqda olduğu ilə bağlı diqqətçəkən fikir səsləndirilib.
24 dəfə “Qrand Slam” qalibi olan təcrübəli tennisçi son olaraq Avstraliya Açıq finalında dünya reytinqinin bir nömrəsi Karlos Alkaraza məğlub olub və növbəti tarixi titulunu qazana bilməyib.
Keçmiş WTA Tour tennisçisi Naomi Cavaday "Tennis365"ə açıqlamasında bildirib ki, finala yüksəlmək çempionluğa çox yaxın olmaq demək deyil.
Onun sözlərinə görə, Novak Cokoviç turnirin finalına çıxsa da, kuboka çatmaqdan hələ də uzaq idi:
“İnsanlar finala çatanda düşünür ki, artıq kuboka çox yaxınsan. Amma əslində hələ də kifayət qədər uzaqdasan. Avstraliya Açıqda finala çıxdığını bilirəm. Sinneri məğlub etməsi inanılmaz idi, lakin günün sonunda kubokdan uzaqda qaldı”.
Cavaday əlavə edib ki, əgər serbiyalı tennisçi 25-ci “Qrand Slam” titulunu qazansa, dediklərini geri götürməyə hazırdır.
Digər tərəfdən, Novak Cokoviç Indian Wells Masters turniri öncəsi çıxışında hələ də ən yüksək səviyyədə oynaya biləcək gücə sahib olduğunu bildirib. O, son illərdə böyük turnirlərdə tez-tez Yannik Sinner və Karlos Alkaraz kimi gənc rəqiblərə uduzduğunu da etiraf edib.
Serbiyalı tennisçi bildirib ki, daxilində motivasiya və qalibiyyət arzusu olduğu müddətdə karyerasını davam etdirmək niyyətindədir:
“İçimdə hələ də o motivasiya, keyfiyyət və istək var. Bu olduğu müddətdə niyə davam etməyim?”
Təcrübəli tennisçi həmçinin son illərdə turnir proqramını daha sərbəst qurduğunu və əsas diqqəti “Qrand Slam” yarışlarına yönəltdiyini də qeyd edib.
© Copyright 2026, All Rights Reserved