Şahmat, Avropa Çempionatı: Millimiz Ermənistanı uddu

Azərbaycan şahmatçıları Batumidə Ermənistan üzərində qələbə qazandılar.
90plus.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası şahmat üzrə Avropa çempionatında 6-cı turun oyunları başa çatıb. Turun ən diqqətçəkən qarşılaşmaları Azərbaycan və Ermənistan yığmaları arasında olub.
Kişilərdən ibarət yığmamız rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov öz görüşündə qələbə qazanaraq komandamıza vacib xal qazandırıb. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı isə partiyalarını heç-heçə başa vurublar. Bu nəticə ilə Azərbaycan yığmasının xal sayı 9-a yüksəlib.
Qadınlardan ibarət millimiz də Ermənistan komandasına qarşı uğurlu çıxış edib – 3:1. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova qalib gələrək komandanın qələbəsini təmin ediblər. Xanım Balacayeva və Gövhər Beydullayeva isə sülhlə kifayətləniblər. Bu turdan sonra qadın yığmamızın aktivində 8 xal var.
Qeyd: Oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Yarışa oktyabrın 14-də yekun vurulacaq.
© Copyright 2025, All Rights Reserved