Salah Slot haqqında danışdı, klubda qalmaqal yaşandı
90plus.az xəbər verir ki, “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salahın müsahibəsi artıq çətin günlər yaşayan baş məşqçi Arne Slot üzərində təzyiqi xeyli gücləndirib. Premyer Liqa çempionunda vəziyyətin nə qədər kritik olduğu isə misilsiz şəkildə üzə çıxıb.
33 yaşlı hücumçu açıq şəkildə “mən ya o” deməsə də, münasibətlərinin “tamamilə pozulduğunu” deməsi klubdakı balansa ciddi meydan oxuyur. “Misir kralı” kimi tanınan Salahın sözləri onun Slotla eyni komanda daxilində davam etməsinin nə qədər çətin olacağını göstərib.
Salahın nadir hallarda verdiyi matçsonrası açıqlamaların bu dəfə sərt ittihamlara çevrilməsi “Enfild”dəki vəziyyəti tam başqa mərhələyə daşıyıb. O, belə deyib:
“Elə bil klub məni avtobusun altına atıb. Bütün günahın mənə yüklənmək istəndiyi çox aydındır.”
Salah konkret olaraq kimi nəzərdə tutduğunu deməsə də, baş məşqçi Slotla “artıq heç bir münasibətinin qalmadığını” açıq şəkildə bildirib.
“Liverpul” həmişə daxili sabitlik və sakitliklə fərqlənsə də, Salahın bu çıxışı klubdaxili narazılığı tam şəkildə üzə çıxarıb. Bu, klub tarixinin ən nüfuzlu oyunçularından birinin açıq üsyanı kimi qiymətləndirilir.
Ən pisi isə odur ki, müsahibə Salahın ardıcıl üçüncü dəfə Premyer Liqa matçına ehtiyat oyunçular skamyasından başlamasından sonra gəlib. Komanda bu dəfə də üstünlüyü qoruya bilməyərək “Lids Yunayted” qarşısında son dəqiqələrdə qol buraxıb və 3–3 hesablı heç-heçə ilə kifayətlənib.
Yay transfer pəncərəsində təxminən 450 milyon funt xərcləyən “Liverpul”un mövsümün əvvəlindən bəri yaşayadığı eniş Slotun tənqid hədəfinə çevrilməsinə səbəb olub. İndi isə Salahın ictimai şəkildə narazılığını dilə gətirməsi holland çalışdırıcının vəziyyətini daha da çətinləşdirib.
Salah adətən media ilə danışmayan, sözlərini yalnız lazım bildiyi zamanda işlədən futbolçudur. Onun “Sauthempton” üzərindəki 3–2 qələbədən sonra küləyin altında dayanaraq “klubda qalacağına tam əmin olmadığını” deməsi xatırlanır. Apreldə bağlanan iki illik yeni müqavilə isə o vaxt gərginliyi azaltmışdı.
Lakin “Elland Road”dakı hadisələr göstərdi ki, bu dəfə vəziyyət əvvəlkindən daha ciddidir.
Klub tarixində 250 qola imza atan, Premyer Liqada 188 qol və 88 assistlə yadda qalan Salah, “Liverpul”un ən böyük əfsanələrindən biridir. Lakin bu mövsüm onun performansında nəzərəçarpan eniş Slotun onu ehtiyatdan oynatmasına səbəb olub.
Keçən mövsüm komandanı çempionluğa daşıdığı 34 qola imza atan Salahın bu mövsüm eyni səviyyəni göstərməməsi diqqətdən qaçmayıb.
Hazırkı gedişata əsasən, Salahın “Liverpul”dan ayrılmağa bu qədər yaxın olduğu başqa bir vaxt olmayıb. Əgər ayrılıq bu cür gərginliklə baş tutarsa, bu, klubun son illərdəki ən kədərli vidalarından biri kimi yadda qalacaq.