"Sanderlend" 8 illik həsrətə son qoydu

"Sanderlend" 8 ildən sonra Premyer Liqaya qayıtdı.
90plus.az xəbər verir ki, İngiltərə Çempionşipində mövsümün ən həyəcanlı qarşılaşmalarından biri baş tutdu. Premyer Liqadan 8 mövsümdür uzaq qalan "Sanderlend" play-off finalında "Şeffild Yunayted" üzərində 2:1 hesablı qələbə qazanaraq elita həsrətinə son qoydu. Bu qələbə "qırmızı-ağlar"a 220 milyon funt-sterlinq dəyərində gəlir qazandırdı.
Çempionşipin play-off finalında mövsümü 3-cü pillədə başa vuran "Şeffild Yunayted" ilə 4-cü yerdə qərarlaşan "Sanderlend" qarşılaşdı. Oyuna Londondakı "Uembli" stadionu ev sahibliyi etdi.
Matçın 25-ci dəqiqəsində ingilis hücumçu Tayris Kempbell "Şeffild Yunayted"i önə keçirdi və ilk hissə bu hesabla başa çatdı. 76-cı dəqiqədə gənc ispaniyalı forvard Eliyazer Mayenda "Sanderlend" üçün bərabərlik qolunu vurdu. Qarşılaşmanın taleyini isə 90+5-ci dəqiqədə 18 yaşlı ingilis cinah oyunçusu Tom Vatson həll etdi. Onun vurduğu qol "Sanderlend"ə 2:1 hesablı əzmkar qələbə qazandırdı.
Cud Bellinqemin qardaşı Cob Bellinqem artıq Premyer Liqadadır.
Premyer Liqaya yüksələn 3 komanda...
• Lids Yunayted
• Börnli
• Sanderlend
"Qara Pişiklər" yenidən zirvədə
2016–17 mövsümündə Premyer Liqa ilə vidalaşan "Sanderlend" sonrakı illərdə Həvəskar Liqa səviyyəsinə – "Liqa 1"ə qədər düşmüşdü. Klub 2022–23 mövsümündə "Çempionşip"ə yüksələrək yenidən qurulma prosesinə başladı. Bu müddət ərzində "Sanderlend" yalnız bir dəfə Premyer Liqaya qayıtmaq üçün play-off oynamışdı, lakin uğur qazana bilməmişdi.
Dünyanın ən bahalı oyunu
Qeyd: Çempionşip play-off finalı futbol dünyasında "dünyanın ən bahalı oyunu" kimi tanınır. "Sanderlend" bu oyunu qazanmaqla Premyer Liqaya vəsiqə qazandı və bununla da 220 milyon funt-sterlinq dəyərində gəlir əldə etdi. Bu məbləğə yayın hüquqları gəliri, bilet satışlarında gözlənilən artım, kommersiya müqavilələri və gələcəkdə mümkün eniş halında verilən "paraşüt ödənişləri" daxildir.