Santuş: “10 oyunda qələbə yoxdur, amma futbolçulara inanıram”

Fernandu Santuş: “İnkişaf var, amma bəxt də lazımdır” – Rossi: “Bakıda oynamaq asan deyil”.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandası Macarıstanla keçirdiyi sonuncu yoldaşlıq oyununda 1:2 hesabı ilə məğlub olub. Görüşdən sonra hər iki komandanın baş məşqçiləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.
Fernandu Santuş: “Son 10 oyunda qələbə yoxdur, amma futbolçulara inanıram”.
“Oyuna yaxşı başlamadıq. Qol buraxdıq, amma dərhal reaksiya verdik. Bundan sonra oyun bərabər səviyyədə davam etdi. Təəssüf ki, ikinci qolu buraxdıq. İkinci hissə isə daha çətin keçdi. Rəqib keyfiyyətli idi, asanlıqla top itirmirdi. Oyunun sonunda bərabərlik üçün bir neçə imkanımız oldu, amma istifadə edə bilmədik. Futbolda bəxt də rol oynayır.”
70 yaşlı mütəxəssis son iki oyunda futbolçuların performansından razı qaldığını bildirib:
“Son oyunlarda oyunçularımdan razıyam. İnkişaf var. Yorğunluq hiss olunurdu, buna görə dəyişikliklər etdim. Amma sona qədər mübarizə apardılar.”
Portuqaliyalı çalışdırıcı millinin son 10 oyunda qələbə qazana bilməməsi ilə bağlı da münasibət bildirib:
“Bugünkü oyun əvvəlkilərlə müqayisədə daha yaxşı idi. Mən heç vaxt futbolçuları açıq formada tənqid etməmişəm, bu, mənim üslubum deyil.”
Emin Mahmudovla bağlı verilən sualı da cavablandıran Santuş onun dayaq yarımmüdafiəçisi kimi oynadılmasının düzgün qərar olduğunu deyib:
“Emini o mövqedə görmək istəyirəm. Pirlo da həmin rolda oynayırdı. Emin texnikalı futbolçudur və son iki oyunda çox yaxşı təsir bağışladı.”
Qarşıdakı rəsmi oyunlar barədə: "Oyunçularla daim danışıram. Nəyi yaxşı edə bilərik, nələr üzərində işləməliyik – hamısını müzakirə edirik. Əldə etdiyimiz müsbət məqamlar da var, çatışmazlıqlar da. Amma ümumilikdə istədiklərimin çoxunu gördüm.”
Santuş bu sualı cavabsız qoyub “Portuqaliyada pensiya yaşı ilə bağlı suala cavab verməyəcəyəm. Bu, futbolla əlaqəli deyil.”
Marko Rossi: “Azərbaycan texniki baxımdan geri qala bilər, amma yaxşı təşkilatlanıb”
“Rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışdıq və məqsədimizə çatdıq. Lakin son 10 dəqiqədə üstünlük Azərbaycanda idi. Rəqib sona qədər mübarizə apardı. Əgər bəxtləri gətirsəydi, oyun heç-heçə də bitə bilərdi.”
İtaliyalı mütəxəssis Azərbaycanın vurduğu qolla bağlı: “Epizodda əllə oynama olduğunu düşündüm. Oyundan sonra baxdım və bu hiss olundu. Amma VAR sistemi olmadığından qərar dəyişmədi.”
Rossi Azərbaycan millisində bəzi oyunçuların çıxışını xüsusi qeyd edib:
“Mahir Emreli yaxşı təsir bağışladı. 2-ci Bundesliqada oynamağı təsadüfi deyil. Digər oyunçular da pis deyildi. Azərbaycan komandası yaxşı təşkilatlanıb. Bakıdakı oyunlar asan olmur. İlk oyunda 3:1 hesabı ilə qalib gəlsək də, çətinlik çəkmişdik.”