“Şelburn”un çalışdırıcısı: “Qarabağ”a hədsiz hörmət etdik”

Coy O’Brayen: “Qarabağ” bizə yüksək səviyyəli futbolun fərqini göstərdi”.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Şelburn”un evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzması İrlandiya təmsilçisinin baş məşqçisi Coy O’Brayeni məyus edib.
Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən 43 yaşlı mütəxəssis, komandasının ilk hissədə zəif çıxış etdiyini etiraf edib:
“Nəticədən məyusam. Oyunun əvvəlində nəzarəti əldən verdik. İkinci hissədə toparlandıq, hücumlarımız da oldu, amma hesabı dəyişə bilmədik”.
O’Brayen rəqibin oyun keyfiyyətini yüksək qiymətləndirib:
“Qarabağ”ın səviyyəsini bilirdik və meydanda da bunu aydın şəkildə gördük. Onlar sürətli oynayır, ötürmələrdə və top saxlamaqda ustadırlar. Bu səviyyəyə alışmış komandadırlar”.
Baş məşqçi komandasının psixoloji olaraq tam hazır olmadığını da vurğulayıb:
“Birinci hissədə bəlkə də “Qarabağ”a həddindən artıq hörmət etdik. Futbol meydanında bu, qorxuya çevrilir. Sanki səhv etməkdən çəkinirdik. Fasilədən sonra oyunumuzu dəyişdik, iki hücumçu ilə irəlilədik və şanslar da yaratdıq. Ancaq belə fürsətləri dəyərləndirməyi bacarmalısan”.
O’Brayen “Qarabağ”ın ikinci qolunda Kadi Borqesin ötürməsini xüsusi fərqləndirib:
“Fiziki baxımdan oyuna davam edə bilirdik, amma həmin epizod bizim səviyyəmizi göstərdi. O ötürməni edən futbolçu, məncə, meydanın ən yaxşısı idi. Komanda yoldaşını çox yaxşı gördü və epizodu ustalıqla tamamladı. Amma üçüncü qolda biz kobud səhv etdik”.
Xatırlatma: Cavab oyunu 30 iyul, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved