“Seltik”in prezidenti təhqirlərə görə istefa verdi
Şotlandiyanın “Seltik” klubunda gözlənilməz istefa baş verib. Klubun uzun illərdir prezidenti olan Piter Louell vəzifəsini tərk edib.
90plus.az xəbər verir ki, Qlazqo təmsilçisi məlumatı rəsmi kanallar vasitəsilə təsdiqləyib.
Klubdan verilən açıqlamada bildirilir ki, istefanın əsas səbəbi son aylarda azarkeşlər tərəfindən ünvanlanan təhqir və təhdidlərin artması olub. Xüsusilə transfer siyasəti və klubun ümumi inkişaf istiqaməti “Seltik” azarkeşləri tərəfindən ciddi tənqid edilirdi.
Piter Louell qərarına münasibət bildirərkən qeyd edib ki, illər ərzində müxtəlif çətinliklərin öhdəsindən gəlsə də, son dövrlərdə üzləşdiyi təzyiq artıq qəbuledilməz səviyyəyə çatıb:
“Bir çox mürəkkəb dövrləri geridə qoymuşam. Amma bəzi çevrələrdən gələn təhqir və hədələr getdikcə daha da şiddətlənib və bu vəziyyət dözülməz olub”.
Qeyd: “Seltik” cari mövsümdə gözlənilmədən Çempionlar Liqasına vəsiqə qazana bilməyib, bu isə klub daxilində və azarkeşlər arasında narazılığı daha da artırmışdı.
© Copyright 2025, All Rights Reserved