Senne Lammens “Antverpen”dən “Man Yunyted”ə rəsmən “qaçıb”

RƏSMİ: “Mançester Yunayted” 23 yaşlı qapıçı Senne Lammensi "Royal Antverpen”dən transfer etdi!
90plus.az xəbər verir ki, Lammens bazar ertəsi səhər “Royal Antverpen”in “Bosuil” stadionuna gəlib, bir neçə əşyasını toplayaraq komanda yoldaşlarına vida etmədən birbaşa Antverpen Beynəlxalq Hava Limanına yollanıb. Günorta saatlarında Mançestərə enən belçikalı qapıçı dərhal “Yunayted”in “Karrinqton” bazasına aparılıb və 18 milyon funt-sterlinqlik (+əlavə bonuslar) transferini tamamlayıb.
Son bir mövsümdə Belçika çempionatında “Antverpen”dəki qeyri-adi çıxışı ilə yadda qalan 23 yaşlı qolkiperin adı bir müddətdir həm “Old Trafford”da, həm də Avropada diqqət mərkəzində idi. Son iki həftədir klub oyunlarından kənarda qalan Lammensin keçidi ancaq pəncərənin son saatlarında baş tutub. Çünki “Yunayted” eyni zamanda “Aston Villa”nın qapıçısı, dünya çempionu Emiliano Martineslə də maraqlanırdı.
Baş məşqçi Ruben Amorimin istəyi Martines idi – təcrübəli Premyer Liqa oyunçusu, qalibiyyət xarakterinə sahib bir qapıçı. Lakin həm yüksək maaş tələbi, həm də “Villa”nın qiyməti transferi mümkünsüz etdi. Bunun üçün Andre Onananın satılması lazım gəlirdi, amma Türkiyəyə transfer danışıqları nəticəsiz qaldı.
Buna baxmayaraq, Lammensin transferi gələcəkdə daha böyük qazanc gətirə bilər. Onun haqqında tez-tez gənc De Xea ilə müqayisələr aparılır – “Yunayted”ə 20 yaşında gəlmiş və sonradan dünyanın ən yaxşı qapıçılarından birinə çevrilmiş David de Xea ilə. Lammens də uzunboylu, ayaqları ilə möcüzəvi xilasatlar edən qolkiper kimi eyni izləri xatırladır.
Onu tez-tez Tibo Kurtua ilə də müqayisə edirlər. Ola bilsin ki, gələcəkdə 33 yaşlı Kurtuanın yerinə Belçika millisində birinci nömrə olacaq. Amma son çağırışda milliyə dəvət almamışdı, çünki transfer prosesləri davam edirdi və baş məşqçi Rudi Qarsia bu dəfə Strasburqun 20 yaşlı qapıçısı Mayk Pendersə üstünlük vermişdi.
Statistikalar isə Lammensin istedadını təsdiqləyir: ötən mövsüm Belçika çempionatında ümumilikdə 45 gözlənilən qola qarşı cəmi 32 top buraxıb. Yəni rəqəmlərə görə o, komandası üçün 13 qolu xilas edib. Sadə dillə desək, hər oyunda orta hesabla 0,5 qolu artıq qurtarırdı – Avropanın top-5 liqalarında heç bir qapıçı bu səviyyəyə çata bilməyib.
Onun gücü təkcə seyv etməklə məhdudlaşmır. De Xea “Yunayted”ə gəldiyi ilk illərdə hava toplarında çətinlik çəkirdi. Amma Lammens ötən mövsüm Belçika çempionatında ən çox hava ötürməsini dəf edən qapıçı olub. Ayaqları ilə də etibarlıdır, hücumçu üzərinə gələndə belə soyuqqanlı şəkildə pas ötürə bilir. Ən təsirli göstəricilərdən biri isə penaltilərdir: keçən mövsüm 6 penalti ilə üz-üzə qalıb və 4-nü dəf edib. Bu mövsüm isə üzləşdiyi ilk penaltini də qurtarıb.
Əlbəttə, risklər də var: Lammens hələlik yalnız bir tam mövsüm peşəkar futbol oynayıb, beynəlxalq təcrübəsi yoxdur, Avropa turnirlərində isə demək olar ki, çıxış etməyib. Yəni “Yunayted” medallar və titullar yox, qrafiklərdəki rəqəmlər və YouTube-dakı seyv videolarına əsasən transferə pul xərcləyib. Amma bu gün futbol bazarı elədir ki, hətta İsveç liqasında yaxşı oyun göstərən bir gənc müdafiəçi belə Avropa klublarının diqqətini çəkə bilər.
“Yunayted”də transfer işlərinə cavabdeh Ceyson Uilkoksun rəhbərlik etdiyi komanda Lammensə güvənir. Onana zədədən qayıtdıqdan sonra millinin fasiləsindən sonra qapıya keçə bilər, amma dekabrda Afrika Millətlər Kuboku başlayanda Lammens mütləq şans qazanacaq – bəlkə də daha tez.
Elə eyni gün “Yunayted” Antoni və Rasmus Hoylundu böyük zərərlə satarkən, Lammensin gəlişi daha ağıllı addım təsiri bağışladı. Amorim tez nəticə istəyir, amma bu transfer uğurlu olsa, klub üçün böyük gələcək qazanc gətirə bilər.
Senne Lammens: "Mançester Yunayted”ə qoşulmaqdan inanılmaz dərəcədə qürur duyuram; bu, həqiqətən bir arzunun gerçəkləşməsidir”.