Sergey Rebrov: "Azərbaycan millisini zəif hesab etmirəm"

Ukrayna millisi sabah Bakıda Azərbaycanla qarşılaşacaq
90plus.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna millisi sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
Matç öncəsi keçirilən mətbuat konfransında Ukraynanın baş məşqçisi Sergey Rebrov jurnalistlərin suallarını cavablandırıb:
Azərbaycan millisində baş məşqçi dəyişikliyi haqqında
– Təbii ki, təsirsiz ötüşmür. Biz rəqibin oyun analizini aparmışdıq, futbolçularımıza həm hücumda, həm müdafiədə nələr etdiklərini göstərmişik. Amma əsas məsələ bizim sabah nə təqdim edəcəyimizdir.
Aleksandr Zinçenkonun mövqeyi
– Bunu sabah meydanda görəcəksiniz. Zinçenko hər mövqedə komandaya xeyir verə bilir. O, ürəkdən oynayır. “Arsenal”da məşq etmədən milliyə qoşulsa da, fiziki cəhətdən geridə qalmayıb. İnanıram ki, "Nottingem Forest"də də daha çox şans qazanacaq.
Gənclərdən ibarət komandanın performansı
– Bəli. Gənclərin əsas komandaya düşmək üçün motivasiyalı olması vacibdir. Bu, onların gənclər yığmasında necə çıxış etdiyindən asılıdır. Milli komandada stabil performans göstərmək lazımdır. Fransa ilə matçda şans qazananlar bunu haqq edirdi və yaxşı təcrübə topladılar.
Ukrayna klubları bu il Çempionlar Liqasının əsas mərhələsində iştirak etməməsinin milliyə təsiri
– Təəssüf ki, bu belədir. Reytinqimiz aşağı düşüb və hazırda təsnifat mərhələlərindən başlamağa məcburuq. Ölkədə müharibə davam etdiyi üçün səviyyəni qorumaq çətindir. Amma inanıram ki, gələn mövsüm klublarımız daha irəli gedəcək.
Azərbaycan millisinin zəif nəticələri
– Belə fikirdə deyiləm. Azərbaycan komandasını zəif saymıram. Xüsusən İslandiya ilə ilk hissədə yaxşı təsir bağışladılar. Həmişə məşqçi dəyişikliyi komandada fərqli motivasiya yarada bilər. Biz ciddi hazırlaşırıq və futbolçuların da oyuna eyni ciddiyyətlə yanaşması üçün çalışırıq.