Şimali Makedoniya mediası "Qarabağ" haqqında nə dedi? ARAŞDIRMA...

"Qarabağ" Şimali Makedoniya mediası tərəfindən tərifləndi.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" Şimali Makedoniya təmsilçisi "Şkendiya"nın qonağı olacaq. Oyundan əvvəl Şimali Makedoniya mediasının "Qarabağ" haqqında dediklərini araşdırıb sizə təqdim edirik.
"sportsport.mk"-nın verdiyi xəbərdə "Şkendiya"nın "Qarabağ"la qarşılaşmasında şansının az olduğu bildirilib:
Əgər ənənələrə nəzər salsaq, "Qarabağ"ın Makedoniya klublarına qarşı uğurlu nəticələrə imza atdığını görərik. Ağdam təmsilçisi daha əvvəl iki dəfə "Metalurq", bir dəfə isə "Sileks" klubunu mübarizədən kənarlaşdırıb. Bu beş oyunda "Qarabağ"ın dörd qələbəsi və bir heç-heçəsi var.
Lakin "Şkendiya"nın da Azərbaycan klublarına qarşı yaxşı nəticələri az deyil. Makedoniya klubu indiyə qədər üç dəfə Azərbaycan təmsilçiləri ilə qarşılaşıb, bu oyunlardan ikisini qazanıb, birində isə bərabərlik qeydə alınıb.
2016-cı ildə Avroliqanın II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan "Şkendiya", evdə Bessart İbraiminin vurduğu qolla 1:0 qalib gəlmiş, səfərdə isə 0:0 hesablı bərabərliklə mərhələni adlamışdı.
2020-ci ildə isə birbaşa təsnifat oyununda "Şkendiya", səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etmişdi. Hər iki qolu – Bessart İbraimi və Lyupço Doriev – penalti zərbələri ilə vurmuşdu.
"Sportski.mk"-nın verdiyi xəbəri də təqdim edirik:
Şimali Makedoniya çempionu "Şkendiya" bu axşam UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Qarşılaşma Skopyedə yerləşən "Toşə Proeski" Milli Arenasında baş tutacaq. Təcrübəli təmsilçi bu dəfə Azərbaycan klubu "Qarabağ"la qarşılaşacaq.
Bu, "Şkendiya"nın Azərbaycan təmsilçisi ilə ikinci duelidir. Makedoniya klubu bundan əvvəl "Neftçi" və "Sumqayıt"la da qarşılaşıb və indiyədək Azərbaycan klublarına uduzmayıb.
Tətröv təmsilçisi bu yay Avrokubok təsnifat mərhələlərində indiyədək məğlub olmayıb – 4 oyunda 3 qələbə və 1 heç-heçə ilə yadda qalıb. Bu nəticələr "Şkendiya"ya artıq UEFA Konfrans Liqasının qrup mərhələsində iştirak haqqını minimum səviyyədə təmin edib.
İndi isə onların əsas hədəfi – Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməkdir. Lakin qarşılarında bu illərin Avropa təcrübəsinə malik olan və mütəmadi olaraq qrup mərhələlərində çıxış edən "Qarabağ" var.
Skopyedə baş tutacaq ilk oyun hər iki komanda üçün həlledici olacaq. Cavab qarşılaşması isə gələn həftə Bakıda keçiriləcək.