"Şkendiya"nın baş məqşçisi: "Biz daha yaxşı idik"

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Şkendiya” sabah Bakıda “Qarabağ” komandası ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Qarabağ”ı məğlub etmək üçün əsas amil
– Sabahkı qarşılaşma bizim üçün olduqca çətin keçəcək. “Qarabağ” həm güclü, həm də təcrübəli komandadır. Əlimizdən gələni edəcəyik və qol vurmağa çalışacağıq. İlk oyunu məğlubiyyətlə başa vurmuşuq və artıq itirəcək bir şeyimiz yoxdur.
İlk matçda "Qarabağ"a məğlubiyyətlə bağlı
– Bunu qəbul edirəm. İlk görüşdə müəyyən problemlərimiz oldu. Əsasən fiziki baxımdan çətinlik yaşadıq. Qol epizodunda səhv etdik və penalti ilə cəzalandıq. Bununla yanaşı, bizim də imkanlarımız vardı.
FKSB və "Qarabağ" matçlarının müqayisəsi
– Oyunda maksimumu etməyə çalışdıq. İlk hissədə “Qarabağ” bizdən üstün idi. Fiziki hazırlıq baxımından geri qaldığımız görünürdü. Amma ikinci hissədə daha yaxşı təsir bağışladıq və qol şanslarımız da oldu. Düzgün qeyd edirsiniz – bu dəfə daha hücumameyilli və aqressiv çıxış edəcəyik. Çünki itiriləcək heç nə yoxdur.
Muarem Muaremin Şimali Makedoniyadan olması və komandaya köməyi
– Bəli, onu yaxşı tanıyıram və hazırda həmkarıq. Ancaq bu dəfə əlaqə saxlamadım. Çünki “Qarabağ” bizim oyunlarımızı, biz də onların matçlarını rahat izləyə bilirik. Eyni zamanda, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti olduğunu bildiyim üçün sadəcə hörmət xatirinə danışmadım.
Əlavə vaxtlarda güc amili
– Belə halları nəzərə alırıq. Məsələn, “Qarabağ”ın “Şelburn”la oyunu bizdən bir gün əvvəl baş tutmuşdu və onlar bir qədər çox istirahət etmişdi. Uzun səfərlər də bizi yorur. Ölkə çempionatı hələ başlamayıb, bu da “Qarabağ”ın oyun ritminə təsir göstərməyib. Lakin sabahkı qarşılaşmada gücümüz yetərincə olacaq.