Şotlandiya derbisində "qırğın düşdü"
“Seltik” penaltilərlə “Reyncers”i məğlub etdi, matçdan sonra meydanda gərginlik yaşandı.
90plus.az xəbər verir ki, Şotlandiya Kubokunun 1/4 final mərhələsində ölkənin iki nəhəng klubu – “Seltik” və “Reyncers” üz-üzə gəlib. Gərgin keçən derbinin əsas vaxtında komandalar qapılara yol tapa bilməyib və qarşılaşmanın taleyi penalti seriyasında həll olunub.
Penaltilər seriyasında daha dəqiq oynayan “Seltik” rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Reyncers”in heyətində Ceyms Tavernier və Ceydi Qassama penalti zərbələrini qola çevirə bilməyib, “Seltik” futbolçuları isə bütün zərbələri dəqiq yerinə yetirib.
“Old Firm” derbisi “Seltik”in qələbəsi ilə başa çatsa da, matçdan sonra stadionda gərgin anlar yaşanıb. Qələbəni qeyd etmək istəyən “Seltik” azarkeşləri meydançaya daxil olub. Daha sonra “Reyncers” azarkeşlərinin də meydana girməsi qısa müddətli qarşıdurmaya səbəb olub.
Baş verən hadisələrlə bağlı Şotlandiya Futbol Federasiyası açıqlama yayıb. Qurumdan bildirilib ki, İbroks stadionunda keçirilən Şotlandiya Kubokunun 1/4 final matçından sonra meydana daxil olan azarkeşlərin davranışı qınanır və hadisə ilə bağlı rəsmi araşdırmaya başlanılıb.
© Copyright 2026, All Rights Reserved