Stefan Körri: “Hələ də çempionluğun arxasınca qaçıram”
“Qolden Steyt Uorriors”un ulduz basketbolçusu Stefan Körri əsas motivasiya mənbəyinin çempionluq hədəfi olduğunu bildirib.
90plus.az xəbər verir ki, NBA "All-Star" 2026 Media Günündə jurnalistlərin suallarını cavablandıran təcrübəli oyunçu çempionluq uğrunda mübarizəni davam etdirdiyini vurğulayıb:
“Hələ də çempionluğun arxasınca qaçıram. Məni motivasiya edən əsas amil budur. Hər il favorit olmaya bilərsiniz, amma real şansınızın olduğunu hiss etmək insanı ruhlandırır.”
Körri NBA çempionluğunu yenidən qazanmaq üçün çox çalışdığını və basketbola böyük sevgi ilə yanaşdığını qeyd edib.
Təcrübəli basketbolçu liqada həm müsbət, həm də mənfi məqamların olduğunu bildirib. Onun sözlərinə görə, bəziləri daha çox mənfi cəhətlərə diqqət yetirsə də, NBA-in rəqabət səviyyəsi və qlobal təsiri yüksək olaraq qalır:
“Reqlament mövsümündə sıralamanın və pley-off mübarizəsinin əhəmiyyəti hələ də qalır. Oyun sayıyla bağlı müzakirələr var, amma ümumilikdə liqanın maraq səviyyəsi, bacarıq keyfiyyəti və qlobal əlçatanlığı çox yüksəkdir.”
Körri komandanın mövsümün əvvəlində planlaşdırdığı səviyyədə olmadığını etiraf edib. O, Cimmi Batlerin zədələnməsinin ciddi itki olduğunu bildirib:
“Mövsümə başlayanda hədəflədiyimiz yerdə deyilik. Cimmi Batlerin zədəsi bizim üçün böyük zərbə oldu. Çünki komanda yüksəlişə keçmişdi. Sağlam qala bilsək, mart və aprel aylarında pley-off seriyasına düşə bilərik. Düşə bilməsək belə, yenə də bir yol tapacağıq. Hələ də təhlükəli komanda olduğumuzu düşünürəm.”
Ulduz basketbolçu əlavə edib ki, NBA rəhbərliyi oyun təqvimi və fasilə müddətləri ilə bağlı məsələlərin həlli istiqamətində ciddi iş aparır.
Stefan Körri və “Qolden Steyt Uorriors”un qarşıdakı aylarda necə çıxış edəcəyi isə böyük maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved