Tanınmış məşqçi ürək əməliyyatı keçirtdi!
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri kiçik ürək əməliyyatı keçirib.
90plus.az xəbər verir ki, sabiq “Çelsi” çalışdırıcısına ürək ritmini pozan atrial fibrilasiya diaqnozu qoyulub. İtaliya mətbuatının məlumatına görə, müdaxilə planlı və rutin xarakter daşıyıb. Klub 66 yaşlı mütəxəssisin yaxın günlərdə adi iş rejiminə qayıdacağını gözləyir.
Sarri 2025-ci ilin iyununda “Latsio”nun baş məşqçisi postuna ikinci dəfə təyin olunub. Hazırda paytaxt klubu A Seriyasında 17 turdan sonra 6 qələbə ilə 8-ci pillədə qərarlaşıb. “Latsio” bazar günü evdə “Napoli”ni qəbul edəcək.
Qeyd: Sarri məşqçilik karyerasına aşağı liqa klublarında başlayıb və uzun müddət bank işində çalışıb. O, 2000-ci illərin əvvəllərində əsas işindən ayrılaraq tam şəkildə məşqçiliyə fokuslanıb.
2013/14 mövsümündə “Empoli”ni A Seriyasına yüksəldən Sarri daha sonra doğma şəhərinin klubu “Napoli”ni çalışdırıb və üç mövsümdə iki dəfə çempionatı ikinci pillədə başa vurub.
2018/19 mövsümündə “Çelsi”yə keçən Sarri Avropa Liqasını qazanıb və Liqa Kubokunun finalına yüksəlib. Bir mövsüm sonra İtaliyaya qayıdan mütəxəssis 2019/20 mövsümündə “Yuventus”la A Seriyasının qalibi olub.
Sarri “Latsio”dakı ilk dönəminə 2021-ci ilin iyununda başlamış, 2022/23 mövsümündə komandanı A Seriyasında ikinci yerə çıxarmış və 2024-cü ilin martında istefa vermişdi.
© Copyright 2026, All Rights Reserved