Ter Ştegen 4 gündür, “Barsa”dan ayrı məşq edir

Qapıçı Mark-Andre ter Ştegen ardıcıl dördüncü gündür ki, “Barselona”nın əsas komandası ilə deyil, fərdi şəkildə zalda məşq edir.
90plus.az xəbər verir ki, 33 yaşlı alman qapıçı mövsümöncəsi hazırlığın ilk günündən – bazar günündən bəri kollektiv məşqlərdən kənarda qalıb və klub tərəfindən hələ də zədəli olduğu bildirilib.
Bu vəziyyət “Barselona”nın qapıçı heyətində baş verən ciddi dəyişiklik fonunda diqqət çəkir. Yeni transfer Joan Qarsiya və təcrübəli Voytsex Şesnı klubun əsas qapıçı dueti kimi ön plana çıxır.
Məlumata görə, “Barselona” rəhbərliyi ter Ştegenə klubdan ayrılmağı düşünməyi təklif edib. Lakin alman qolkiper hələlik komandada qalmaq istədiyini bildirib.
Oyun praktikası baxımından gələcəyi qeyri-müəyyən olan ter Ştegenin “Kamp Nou”dakı taleyi hazırda sual altındadır. Klubun planlarında Joan Qarsiyanın əsas qapıçı, Şesnının isə onun ehtiyatı kimi yer alması gözlənilir.
Ter Ştegenin Yaponiyada və Cənubi Koreyada keçiriləcək mövsümöncəsi yoxlama oyunlarına gedəcək heyətə daxil olub-olmayacağı isə hələlik bəlli deyil.
© Copyright 2025, All Rights Reserved