Ter Ştegen “Barselona” rəhbərliyi ilə görüşü rədd etdi

“Barselona” rəhbərliyi qapıçı Mark-Andre ter Ştegenin tibbi məxfilik tələbi qarşısında çaşqın vəziyyətə düşüb. “La SER”in məlumatına görə, futbolçunun özü sosial şəbəkədə belindən zədələndiyi üçün üç ay oynamayacağını açıqlasa da, klubla şəxsi məlumatların paylaşılmasına razılıq vermir.
90plus.az xəbər verir ki, bu ziddiyyət klubla kapitan arasında gərginliyi daha da artırıb və münasibətlər demək olar ki, qopma nöqtəsinə çatıb.
İyul ayında belindən ikinci dəfə əməliyyat olunan alman qapıçı “Barselona”ya La Liqanın Tibbi Komissiyasına təqdim olunacaq hesabatı imzalamağa icazə verməyib. Bu rədd cavabı isə Kataloniya klubunun digər qapıçılar – Xoan Qarsiya və Voytsex Şesnını La Liqaya qeydiyyatdan keçirməsini ləngidir. Qeyd: La Liqanın maliyyə qaydalarına görə, zədəli futbolçunun maaşının 80%-i hesablanaraq yeni oyunçunun qeydiyyatında istifadə edilə bilərdi.
Klub bu məsələni müzakirə etmək üçün Asiya turundan sonra Ter Ştegenlə görüş planlaşdırsa da, qapıçı görüşü ləğv edib və əvəzində avqustun 5-də klub rəhbərliyinə elektron məktub göndərərək məsələni öz tərəfindən həll olunmuş hesab etdiyini bildirib.
Mənbənin sözlərinə görə, bu addım vəziyyəti daha da gərginləşdirib və Ter Ştegenlə “Barselona” arasında münasibətlər artıq “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşıb.
© Copyright 2025, All Rights Reserved